Avropa Şurası təsəllini gizli fəndlərdə tapır

Elxan Süleymanov

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü

Sentyabrın 30-da Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri Komitəsi olduqca ziddiyyətli məsələ – iddia edilən siyasi məhbuslarla bağlı Azərbaycana kəskin hücum edən Estoniyalı xanım Mailis Repsin (ALDE) bəyanatını təsdiqləyib. Bu məsələ gündəlikdə olmadığı üçün bəyanat çox gözlənilməz oldu. Bundan əlavə, məhz bu mövzuya dair memorandum barədə müzakirə hələ bir gün əvvəl Komitə tərəfindən oktyabr ayının sonuna qədər təxirə salınmışdı və bu qərar Komitənin mövqeyini aydın ifadə edirdi. Bu demokratik və böyük dəstək toplayan qərardan narazı qalan və bu dəfə Komitədə yalnız az sayda üzvün iştirak etdiyini nəzərə alan xanım Reps tamamilə şəxsi bəyanat verməyi və Komitənin onu təsdiqləməsini xahiş edərək, Komitə sədrini nəzərə çarpmadan çaşdırdı. Heç kəsin nə baş verəcəyi barədə azacıq da olsa, anlayışı yox idi. Daha sonra xanım Repsin az sayda deputat qarşısında tələsik etdiyi aqressiv və qərəzli çıxış açıq-aydın Komitə katibliyi tərəfindən hazırlanmışdı, belə ki, mətndə Katibliyin əvvəllər verdiyi və indiyə qədər rəsmi məruzədə Komitənin təsdiqini almamış təkliflər təkrarlanırdı. Azərbaycanla bağlı istənilən məsələyə gəldikdə, AŞPA-nın Hüquq Məsələləri Komitəsinin olduqca mənfi və qərəzli mövqe nümayiş etdirdiyi hamıya məlumdur. Həm Komitə katibliyi, həm də xanım Reps yenidən bu gizli təcrübəyə üz tutmuşdu, belə ki, bir neçə komitənin düzgün elan edilmiş və gündəlikdə irəli sürülmüş əvvəlki müzakirə və qərarları heç vaxt onların Azərbaycanla mübarizədəki aclığını doyuran nəticə verməyib. Bu zəif fənd onlar üçün son, lakin əbəs ümid idi, çünki belə bəyanatın hüquqi statusu və hər hansı siyasi nəticəsi olmur. Şübhəsiz, Katiblik gözdən pərdə asmaq üçün dərhal bəyanatı AŞPA-nın saytında yerləşdirdi, halbuki bu, heç bir hüquqi münasibliyi olmayan bir sənəddir və sırf təbliğat xarakteri daşıyır.

Lakin bu hiyləgər manevr bir daha göstərir ki, Azərbaycanın müsbət reputasiyasına hücum məsələsinə gəldikdə, məhz hüququn aliliyi və guya müsbət siyasi təcrübə barədə kəskin ritorik deklarativ bəyanatlar verən AŞPA rəsmiləri birinci növbədə təsəllini zəif gizli fəndlərdə tapır.

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO