Avropa Parlamentinin 9 sentyabr 2015-ci ildə qəbul etdiyi qərəzli anti-Azərbaycan qətnaməsi ölkə ictimaiyyətində ciddi etirazlarla qarşılanıb. Qətnamənin qəbulu sırf onun mətninin qərəzli və qeyri-obyektiv xarakterli olması ilə yanaşı bir çox daha böyük və düşünülmüş proseslərlə müşayət olunub. Bu proseslər bu və ya digər formada Azərbaycan Respublikasının milli maraqları ilə bağlıdır və dövlətimizə qarşı başlanmış genişmiqyaslı kampaniyanın tərkib hissəsidir.
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin qəbul etdiyi qətnamə kontekstində qeyd edilən proseslərin qısa təhlilini təqdim etmişdir və biz həmin təhlili oxucuların diqqətinə çatdırırıq.
• Avropa İttifaqının demokratik ürəyi olan Avropa Parlamentində bu və ya digər məsələyə görə dəstək qazanmaq uğrunda mübarizə gedir. Ötən bir neçə il Azərbaycan üçün çox gərgin keçmiş və ölkə hər zaman müzakirə mövzusu olmuşdur.
AP-də tərəflər
• AP-də bütün siyasi qrupları və bir çox ölkələri təmsil edən çoxlu sayda deputatlar bir tərəf kimi Azərbaycanla dostluq, əməkdaşlıq və anlaşmanı dəyərləndirir. Onlar Azərbaycan ərazilərinin işğalı problemini anlayır və çox zaman ölkəyə kömək edən strategiyalar irəli sürməyə çalışır. Onlar eyni zamanda Azərbaycanın Avropa üçün mühüm iqtisadi, işgüzar və turizm potensialına dəyər verir.
• Bu ilk düşərgə Brüssel və Strasburqda mədəni əməkdaşlıq, Ermənistanın Azərbaycan ərazilərini qanunsuz ilhaq etməsinə dair konfrans və tədbirlər təşkil edən və Azərbaycanla əməkdaşlığın davam etdirilməsini nəzərdə tutan bütün qanunverici AP sənədlərinin və ya Xarici Əlaqələr Komitəsində ölkəyə dair proqres məruzənin lehinə səs verən deputatlardır.
• Lakin anti-Azərbaycan proqramı yürüdən yaxud sistemli kampaniyalarda Azərbaycana qarşı yayılan əsassız iddialara, yalana və yanlış məlumatlara inanmağı üstün tutan AP deputatları da var. Hər dəfə bu və ya digər şəxsin həbs edildiyini eşitdikdə və bu həbs qərarı əsaslı sübut və konstitusiya qanunlarına tam riayət edilməklə verildikdə belə, Azərbaycana qarşı kampaniya aparan və hücum edən AP deputatları da var. Qanunverici aktlar qəbul edə bilməyən bu AP deputatları bunu çıxışlar və vaxtaşırı insan hüquqlarının iddia edilən pozulması hallarına dair təcili, qeyri-qanunverici qətnamələr vasitəsilə edir. Bu qətnamələr qeyri-məcburi bəyanatlar toplusudur və digər Avropa institutları və Avropa ölkələri onu nəzərə almağa yaxud qəbul etməyə məcbur deyil.
• Azərbaycana qarşı olan tərəf hər zaman Azərbaycana “faktaraşdırıcı missiyalar” təşkil etmək istədiyini iddia edir, məsələn, onlar bu missiyalardan birini İnsan Hüquqları Alt Komitəsi üçün 2016-cı ilin əvvəlinə planlaşdırır. Lakin onların həmişə pasport yaxud viza ilə əlaqədar problemləri ortaya çıxır, beləliklə, sonradan onlar Azərbaycan hakimiyyəti tərəfindən təqib edildiklərini iddia edirlər.
Seçkilər
• Bundan əlavə, böyük maraq göstərmədən, yalnız mənsub olduğu siyasi qrupun yolu ilə gedərək, məsələyə səs verən bitərəf AP deputatları da var. Lakin bu kimi AP deputatları 2013-cü il prezident seçkilərində Azərbaycana gələrək, olduqca müsbət hesabat verdilər. Həmin AP deputatları ölkənin demokratik xarakterində müsbət irəliləyişlərin olduğunu qeyd etdilər və seçkilərin demokratik, şəffaf və azad keçirildiyini təsdiqlədilər. Onlar bunu, Azərbaycana qarşı tərəfin seçkilərdən əvvəl və sonra göstərdiyi təzyiqlərə baxmayaraq, etdilər. Azərbaycanı dəstəkləməyə cəsarət etdikləri üçün onların bəzisinə hətta mətbuatda hücum edilmişdi!
• Bu səbəbdən lüzumsuz təcili qətnamələr vasitəsilə və Avronest Parlament Assambleyası kimi qurumlar çərçivəsində yalnız Azərbaycana hücum etmək marağında olanlar anladılar ki, Avropa Parlamenti 2015-ci ildə yenidən nümayəndə heyəti göndərsə, həmin nümayəndə heyəti yalnız insan hüquqları yaxud demokratik qanun pozuntularının olmadığını və ölkədə vəziyyətin normal olduğunu görəcək. Onlar 2015-ci ilin iyun ayında Bakıda keçirilən Avropa Oyunlarına dair müzakirə vasitəsilə bir daha ölkəyə hücum etməyə cəhd göstərdilər, lakin hər hansı mətn yaxud qətnamə qəbul edə bilmədilər. Beləliklə, onlar 2015-ci il noyabr seçkilərində AP-nin Azərbaycana seçki müşahidə missiyası göndərməsinin qarşısını aldılar.
• Buna baxmayaraq, aydın işarələr var ki, Azərbaycanda demokratik və azad seçkiləri müşahidə etməyə qoyulmuş bu görünməmiş qadağaya baxmayaraq, bir çox AP deputatları hələ də ölkəni çox dəstəkləyir. Strasburqda anti-Azərbaycan lobbisinin Azərbaycana qarşı irəli sürdüyü digər təcili qətnaməyə dair bugünki səsvermənin nəticəsi də bunu göstərir.
Qətnamə
• Avropa institutlarında Azərbaycana qarşı uzunmüddətli kampaniya 2014-cü ildə başlamış və ölkədə insan hüquqlarının pozulması hallarına dair bir sıra iddialar və qanunsuz həbs və hökmlərə yönəlmişdi. Avropa Parlamenti son dəfə 2014-cü ilin sentyabrında Azərbaycanı ittiham edən təcili qətnamə qəbul etmişdi, beləliklə, 2015-ci ilin sentyabr ayında bunun bir ili tamam olur və anti-Azərbaycan lobbisinin bir daha hər il qəbul etdiyi həmişəki təcili, qeyri-qanunverici qətnamə irəli sürməsinin vaxtıdır.
• Qeyd etmək lazımdır ki, kampaniyaya anti-Azərbaycan lobbisinin mühüm logistika və maliyyə səyləri də daxil idi. Hər ay təşkil olunan iki konfrans, saysız-hesabsız məruzə və məktubların hamısında presedent hüququn hallarından istifadə etməklə, əsaslı sübut olmadan insan hüquqlarının pozulması hallarının baş verdiyi iddia edilirdi. Lakin kampaniya Avropa Parlamentində Azərbaycanın imicinə xeyli xələl gətirdi.
• AP təcili qətnaməsinin əsasını həqiqətə uyğun olmayan, yanlış, yoxlanılmamış və saxtalaşdırılmış faktlar təşkil edir. Misal üçün, qətnamənin E bəndi əsassız olaraq və ümumi şəkildə heç bir fakt göstərilmədən iddia edir ki, çoxlu sayda jurnalist və vətəndaş cəmiyyəti fəallarının sərbəst hərəkət etmə hüququ məhdudlaşıb və ya F bəndində iddia olunur ki, güya 2006-cı ildən Bakının mərkəzində mitinqlərin keçirilməsinə tam qadağa qoyulub. RATİ-nin sədri Emin Hüseynov olmasına baxmayaraq, G bəndində, tam yanlış olaraq, mərhum jurnalist Rasim Əliyev bu qurumun sədri adlandırılır. Qətnamədə faktların təqdim edilməs ilə bağlı çoxsaylı saxtakarlıqlar vardır. Qətnamənin xarakteri, faktların təqdim edilməsi metodları və hadisələrin təhrif edilməsi göstərir ki, qətnamə müəllifləri seçkilər qabağı anti-Azərbaycan kampaniyasının genişlənməsinə nail olunması üçün saxtakarlığa yol verməkdən belə çəkinmirlər.
• Adətən bu qətnamələrə dair səsvermələr AP sessiyasının tam sonunda, çox az sayda AP deputatının səsverməyə qaldığı bir vaxtda keçirilir, çünki bu qətnamələrə maraq azdır. Bu səbəbdən həmin qətnamələr adətən asanlıqla qəbul edilir, çünki yalnız bu sənədlərin qəbul edilməsində maraqlı olan az sayda AP deputatı səsvermədə iştirak edir. Lakin planlaşdırmada fərq olduğundan, bu dəfə irəli sürülən qətnamə iclas zalında AP deputatlarının çox olduğu bir vaxtda keçirildi və səslər say etibarilə bir-birinə həmişəkindən daha yaxın idi.
• Qeyd etmək lazımdır ki, bütün siyasi qruplardan olan AP deputatlarının heç də hamısı Azərbaycana hücumu dəstəkləmədi. Bütün qruplarda bu məsələni gündəlikdən çıxarmaq, düzəlişlər və çıxışlar üçün əvvəlkindən daha çox cəhdlər edildi. Bir çox AP deputatı bildirdi ki, bu, AP-nin Azərbaycanla əməkdaşlığa yaxud danışıqlar aparmağa maraq göstərmədiyinə dair yanlış təəssürat yarada bilər. Bir çox digərləri daha çox dəlil tələb edirdi. Beləliklə, anti-Azərbaycan lobbisi bu qətnaməni plenar iclasın gündəliyinə salmaq məqsədilə bütün resurslarından istifadə etməli idi.
• İstənilən halda bu, bütün siyasi qruplar tərəfindən imzalanmamış mətn idi. EPP səsə qoyulan mətni imzalamadı, beləliklə, əslində təcili qətnamə Avropa Parlamentini deyil, yalnız sənədi imzalamış siyasi qrupların bir hissəsini təmsil edir (hətta bu da daxili iclaslardakı xeyli etirazlardan sonra baş verdi).
• Parlamentdə ən böyük qrup olan EPP anti-Azərbaycan düşərgəsinin qətnamədə irəli sürdüyü siyasi ittihamları reallıqla qarışdırmağı yanlış hesab etdi. Onlar eyni zamanda hesab etdilər ki, Azərbaycandakı problemləri həll etməyin ən yaxşı yolu daha çox proqram, görüş və dərin tərəfdaşlıq vasitəsilə hökumətlə əməkdaşlıq və danışıqlar aparmaqdır. EPP-dəki AP deputatları liberal, sosialist və ya mühafizəkar qrupdakı AP deputatları ilə birlikdə bildirdi ki, Azərbaycana qarşı olan tərəfin hərəkətlərinə görə Avropa İttifaqı daha da zəifləyir və öz maraqlarına xələl gətirir.
• Sonda səslərin sayı çox yaxın idi, belə ki, 365 nəfər qətnamənin lehinə, 202 nəfər əleyhinə səs verdi, 72 nəfər isə bitərəf qaldı. Bu isə faktiki olaraq qətnaməyə etiraza dəlalət edirdi, çünki 365 AP deputatı tənqidi təcili qətnamənin lehinə səs versə də, 274 deputat onu dəstəkləmədi Bu, belə tipli son qətnaməyə etiraz edən AP deputatlarının az qala onda birini göstərən rəqəmdir.
Nəticələr
Anti-Azərbaycan lobbisi Azərbaycana qarşı güclü təsirini itirmək istəmir, bu səbəbdən noyabr seçkilərinə seçki müşahidə missiyasının göndərilməsinin qarşısını almağa müvəffəq oldu. Anti-Azərbaycan lobbisi artıq mənfi fikirlərini bildirməyə və hələ baş verməmiş hadisələr haqqında yalanlar yaymağa başlayıb. Aydındır ki, onlar artıq Azərbaycanı mühakimə ediblər və bu lobbinin qərəzli və yanlış fikirləri artıq həqiqətən nəzərə alınmamalıdır.
Son qətnamənin qəbul edilmə forması, əvvəlki qətnamə ilə müqayisədə daha az səs fərqi, ən böyük siyasi qrup tərəfindən deyil, siyasi qrupların yalnız bir hissəsi tərəfindən imzalanması anti-Azərbaycan tərəfinin ümidsizliyini açıq-aydın göstərir. Onlar bizə hücum üçün hər vasitədən istifadə etməyə çalışır və bu təcili qətnamə onların ən qeyri-münasib və məntiqsiz sənədi idi. Onlar hər il bir sənəd qəbul edir, lakin qətiyyən heç nə baş vermir.
Onlar bu dəfə daha çox uğursuzluqla qarşılaşdı. Fərqli saatda baş tutan səsvermə demək olar ki, onların planını pozdu, belə ki, AP-nin Xarici Əlaqələr Komitəsinin EPP-dən olan sədri Elmar Brok hətta məsələnin gündəlikdə olduğunu görüb, gündəlikdən çıxarılmasını təklif etdi. Məsələnin gündəlikdə qalmasının yeganə səbəbi Marietye Şaake (Niderland, ALDE) yaxud Ulrike Lunaçek (Azərbaycana qarşı uzunmüddətli təşviqatçı, Avstriya, Yaşıllar) kimi anti-Azərbaycan mövqeli AP deputatları tərəfindən aqressiv formada dəstəklənməsi idi. Bu, Azərbaycana hücumu davam etdirə bilməyin yeganə yolu idi: aqressiv və geniş yanlış məlumatlandırma kampaniyası.
Ən mühüm məqam ondan ibarətdir ki, Avropa Parlamenti tarixində ilk dəfə olaraq deputatların 43%-i insan hüquqları ilə bağlı qətnamənin əleyhinə səs verdi. Bir qayda olaraq, insan hüquqları həssas və daim ictimaiyyətin diqqət mərkəzində olduğundan, bu rəqəm adətən 5-10%-dən yüksək olmur. Adətən belə qətnamələrin mütləq səs çoxluğu ilə qəbul edildiyini nəzərə alaraq, bu səsvermənin nəticəsi Azərbaycanda insan hüquqları məsələsi ilə bağlı AP-də ciddi fikir ayrılığı və siyasi parçalanmanın sübutudur. Əvvəlki səsvermələrlə müqayisədə, bu dəfə Avropa Parlamentinin ən böyük siyasi qrupu olan sağ yönümlü Avropa Xalq Partiyası Azərbaycana qarşı çıxmaqdan imtina etdi. Buna görə də anti-Azərbaycan lobbisinin güclü olmasına baxmayaraq, Azərbaycan yönümlü tərəfdə də aydın irəliləyiş müşahidə olunur.
Qeyd etmək lazımdır ki, bir neçə AP deputatı səsvermədən əvvəlki müzakirədə Azərbaycanın həqiqi problemlərini və Avropa İttifaqının ona kömək etməsinin zəruriliyini qeyd etdi: ərazilərin Ermənistan tərəfindən qanunsuz işğalı, Ermənistanın davamlı təhdidi, məcburi köçkünlər və qaçqınlar. Digərləri də bildirdi ki, Azərbaycan ən inkluziv, demokratik və tolerant müsəlman dövlətidir və dünyanın digər hissələrindəki bir çox problemlər burada yoxdur.
Həqiqət budur ki, anti-Azərbaycan tərəfi təcili sənədlər, hücumlar və seçkiləri müşahidə etməkdən imtinası ilə öz nüfuzuna xələl gətirir. O, Avropa Parlamentinin mövqeyini və hörmətini zəiflədir və onun tərəfdaşlığının əhəmiyyətini azaldır. Lakin ümidvarıq ki, onların fikrini bölüşməyən bir çox digər AP deputatlarının fəaliyyəti və dostluğu vəziyyəti yaxşılaşdıra biləcək.
Elxan Süleymanov