Avropa Mətbuat Şuraları Alyansının Moskvada keçirilən XIII illik toplantısı başa çatıb. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun da qatıldığı iki günlük tədbirin ilk günü Avropada fəaliyyət göstərən eyni adlı qurumların hesabatları dinlənilib. Ə.Amaşov çıxış edərək rəhbərlik etdiyi qurumun XII toplantıdan keçən müddətdə gördüyü işlərdən söhbət açıb.
Tədbirin ikinci günündə iştirakçılar internet medianın cəmiyyətdəki rolu, bu tip media vasitələrində peşə davranışı qaydalarının pozulması halları, habelə mətbuatda rasizimin yayılmasındakı təzahür formaları və sair istiqamətlərdə fikir mübadiləsi aparıblar. Mətbuat Şuralarının iqtisadi vəziyyətləri ilə də bağlı müzakirələrin getdiyi toplantıda mövcud sahədəki problemlərin mümkün həlli yollarına toxunulub.
Tədbirdə Avropa Mətbuat Şuraları Alyansının XIV illki toplantısının Belçikanın paytaxtı Brüsseldə təşkili qərara alınıb.
***
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Moskvada Avropa Şurasının Şərq tərəfdaşlığı proqramına daxil olan ölkələrin medianın özünütənzimləmə ilə məşğul olan qurumlarının vahid informasiya şəbəkəsinin yaradılmasına yönələn diskussiyalara da qatılıb. Müzakirələrin yekunu olaraq bu məkana daxil olan ölkələrdə özünütənzimləmə ilə əlaqədar şəbəkənin yaradılmasına dair anlaşma memorandumu imzalanıb, qurumun ali orqanı olan Baş Assambleyanın tərkibi, eləcə də onun icra aparatı formalaşdırılıb.
Şəbəkənin məqsədləri içərisində bura daxil olan ölkələrdə etik jurnalistikanın, keyfiyyətli və peşəkar kütləvi informasiya vasitələrinin dəstəklənməsi və mövcud istiqamətdə təcrübə mübadiləsinin aparılması başlıca yer tutur.
Qeyd edək ki, şəbəkədə ölkəmizlə yanaşı Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Tacikistanın özünütənzimləmə ilə bağlı media qurumları daxildir. Onların rəhbərləri qurumun Baş Assambleyasının və Katibliyinin tərkibində təmsil olunurlar.
Modern.az