Azərbaycan xəbərlər xidməti
Mətanət Əliyeva-Trend:
Avropaya miqrasiya edən insanlar arasında dini mənsubiyyətinə görə, artıq embarqo qoyulur. Belə bir addım Slovakiya hökuməti tərəfindən atılıb.
Müsəlmanların miqrasiyasına embarqo tətbiq edən Avropa rəsmiləri onları ölkələrinə buraxmayacaqlarını bəyan ediblər.
Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı ölkələri liderləri Yunanıstan və İtaliyaya gəlmiş 40 min miqrantın yerləşdirilməsi barədə qərar qəbul ediblər. Liderlərin belə bir mövqe ilə çıxış etməsi onunla əsaslandırılıb ki, atılan addım miqrasiya krizisini dayandırmaq məqsədi daşıyır.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk məsələ ilə bağlı bildirib ki, bu proqramın reallaşdırılması iki ilə nəzərdə tutulub. Yunanıstan və İtaliyadan olan miqrantların yerləşdirilməsində Aİ üzvü olan bütün dövlətlər iştirak edəcək. Miqrantların necə yerləşdiriləcəyi ilə bağlı məsələlər isə hələ konkret məlum deyil.
D.Tusk bildirib ki, miqrantların yerləşdirilməsi ilə bağlı kvota ilə əlaqədar konsensus yoxdur, amma bu, hərəkətsizliyə əsas ola bilməz.
Qeyd edək ki, Macarıstan və Bolqarıstan kvotanın əleyhinə çıxıblar. Bu ölkələr mövqelərini miqrantların axını ilə əlaqədar yaranan problemlərlə əsaslandırmağa çalışıblar. Böyük Britaniya, Fransa və İspaniya isə miqrantların qəbulunda kvotanın tətbiq olunmasının əleyhinə çıxış ediblər.
Bu fəaliyyətin paraleli kimi digər bir məlumata da diqqət çəkməyi vacib hesab edirəm. Slovakiya hökuməti bəyan edib ki, ölkəyə miqrant kimi ancaq Suriyadan olan xristian və ateist qaçqınlar qəbul ediləcək.
Slovakiya Xarici İşlər Nazirliyinin təmsilçisi İvan Metik məsələ ilə bağlı bildirib ki, ölkəsi müsəlman qaçqınları qəbul etməyəcək. O qeyd edib ki, buna səbəb müsəlmanların özlərini burada öz evlərində kimi hiss etməyəcəkləri məqamıdır.
Nəzərə çatdıraq ki, Aİ-nin miqrantların yerləşdirilməsi ilə bağlı son planına əsasən, Slovakiya Türkiyə, Yunanıstan və İtaliyadakı müvəqqəti salınmış düşərgələrdən daha 200 qaçqın qəbul etməlidir.
Çexiyanın paytaxtı Praqada isə sözügedən məsələ ilə əlaqədar etiraz xarakterli aksiyalar keçirilib. Millətçi mövqedən çıxış edən etirazçılar “Multikulturalizm genosiddir”, “Miqrasiyanı dayandırın” şüarlarını səsləndiriblər. Özlərini millətçi avropalılar adlandıran aksiyaçılar islam əleyhinə şüarlar səsləndiriblər.
Bu xarakterli mövqelər Avropada davamlı şəkildə aparılır. Almaniyada da bu tipli fəaliyyət mütəmadi olaraq millətçi qruplar tərəfindən həyata keçirilir.
Qeyd etməyi vacib hesab edirəm ki, sözügedən məsələ bu gün kifayət qədər aktualdır. Aktuallığını saxlayan problemin həllində isə Avropa ölkələrinin bu cür diskriminasiya mahiyyətli mövqelərdən çıxış edərək konkret addımlar atmaları çox təəssüf doğurur. Çünki Avropa bütün dünyaya klassik dəyərlər sahibi olduğunu çox ciddi şəkildə hər zaman vurğulayır. Amma az öncə yuxarıda haqqında bəhs etdiyimiz miqrantların Avropa ölkələrinə qəbulu ilə bağlı ortaya çıxan problemlər klassik dəyərlərdən çox-çox uzaqdır. İnsanlara milli, dini, etnik, irqi baxımdan ayrı-seçkilik qoyulması istər Avropanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən, istərsə də BMT-nin qəbul etdiyi bütün insan hüquq və azadlıqlarına qarşı hayqırıdır. Avropa ölkələri rəsmilərinin miqrantların qəbul edilməsinə dair məhz son açıqlamaları bunları deməyə əsas verir.
Miqrantların qəbul edilməsində Avropanın atdığı son addımlardakı müsəlmanlara qarşı qoyulan ayrı-seçkilik bütün dünyada qəbul edilən və tətbiq edilməsi çox vacib olan insanlara verilmiş fundamental təməl haqlarının kobud şəkildə pozulmasıdır. Heç kəs milli, irqi, dini, etnik mənsubiyyətinə görə, ayrı-seçkiliyə məruz qala bilməz.
Burada yada salmaq istəyirəm ki, Aİ və AŞPA kimi beynəlxalq təşkilatların fəaliyyətinin məqsədi məhz insan hüquq və azadlıqlarının qorunması, bu hüquqların müdafiə olunmasıdır. Bu kimi təşkilatların prinsipləri məhz insan hüquq və azadlıqları ilə birbaşa bağlı formalaşdırılıb. Çox yaxşı olardı ki, bütün dünyaya hüquqdan, dəyərlərdən, haqların qorunmasından dərs keçməyə çalışan Avropa ölkələri heç olmasa hərdən sadaladığımız bu prinsipləri yada salsınlar.