Avronest Parlamet Assambleyasının Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Polşada səfərdə olub. Səfərdən qayıdan nümayəndə heyəti bu gün mətbuat konfransı keçirib.
Modern.az-ın məlumatına görə, nümayəndə heyətinin tərkibinə təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Avronest Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvləri Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Gülçöhrə Məmmədova, Abel Məhərrəmov, Səməd Seyidov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov və tarix elmləri doktoru Məhərrəm Zülfüqarlı, hüquq elmləri üzrə fəlsəfə doktoru Fuad Hüseynov, Təhsil Nazirliyinin nümayəndəsi Azad Axundov daxildir. Azərbaycan nümayəndə heyəti ilə Polşa Respublikasının baş nazirinin müavini və iqtisadiyyat naziri, dövlət xəzinədarlıq və maliyyə naziri, təhsil və elm naziri, xarici işlər nazirinin müavini və bütövlükdə 9 nəfərlik nümayəndə heyəti görüşlər keçirilib.
Nümayəndə heyətinin üzvləri Polşanın 8 universitetində və elm-tədqiqat mərkəzində görüşlər keçiriblər, görüşlərin məntiqi yekunu olaraq ali məktəblər arasında əməkdaşlıq imzalanıb. Ümumiyyətlə bu səfər zamanı 10 sənəd imzalanıb.
Nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov çıxış edərək bildirib ki, Azərbaycanla Polşa arasında 40 illik əməkdaşlıq var. “Bu səfərlə əməkdaşlığımıza yeni töhfə verdik. Görüşlərdə təhsil sahəsində daha çox sənədlər imzalandı. Polşa gəncləri ilə Azərbaycan gəncləri arasında əməkdaşlıq genişləndirildi”.
Daha sonra çıxış edən sənaye və energetika naziri Natiq Əliyev bu səfərin faydalı olduğunu qeyd edib. “İki ölkə arasında dostluq münasibətləri çox yaxındır. Bu gün Polşa ilə Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələr çox inkişaf edib. Polşa həmçinin Avropa İttifaqının ən böyük ölkələrindən biridir. Avropada qlobal maliyyə problemləri olduğu halda, bu Polşaya təsir göstərməyib. Bu ölkə tam olaraq Avropaya inteqrasiya olunub. Biz çalışacağıq ki, Polşa ilə Azərbaycan arasında iqtisadi əlaqələr daha da genişlənsin. Onların təcrübəsi bizim üçün vacibdir”.