Astara şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ənənəvi V ümumrayon kitab bayramı keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Rayon İcra Hakimiyyətinin (RİH) təşəbbüsü, rayon Mədəniyyət və Turizm Şöbəsinin dəstəyi ilə reallaşan tədbirdən öncə iştirakçılar açıq səma altında təşkil olunmuş müxtəlif mövzularda olan 30 min nüsxədən çox kitabın sərgiləri ilə tanış olublar. Yeni nəşrlər, uşaq ədəbiyyatı, “Dünya ədəbiyyatı kitabxanası” seriyası ilə çapdan çıxmış kitablar, Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən çap olunmuş latın qrafikalı ədəbiyyat, Astaranın şair və yazıçılarının müxtəlif illərdə işıq üzü görmüş kitabları böyük marağa səbəb olub. Tədbirdə kitabın insan həyatında, onun kamilləşməsində oynadığı mənəvi roldan danışılıb. Qeyd olunub ki, bu gün internetin və elektron kitabxananın imkanlarının genişlənməsinə baxmayaraq, bilik mənbəyi olan kitaba oxucu həvəsi səngiməyib. Bu mənada Astarada kitab mağazasının açılmasına böyük ehtiyac duyulduğu da diqqətə çatdırılıb.