Bu ilin aprelində bütün Azərbaycan telekanalların yayımının «Azerspace-1» peyki vasitəsi ilə həyata keçirilməsinə başlanacaq.
«APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazir qeyd edib ki, martın 1-dən peykin idarəetməsi tam olaraq «Azərkosmos» ASC-yə təhvil veriləcək. Qeyd edək ki, fevralın 15-də peykin günəş panelləri açılıb və reflektorları işə düşüb. Hazırda peykin orbitdəki sınaqları davam edir.
Peykin idarəsi «Azərkosmos» ASC-nin Bakı yaxınlığında yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən «Azərkosmos»un mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi isə Naxçıvanda yerləşir.
Xatırladaq ki, ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən istehsal olunan «Azerspace-1» peyki «Ariane-5» kosmik daşıyıcısı ilə fevralın 8-də orbitə çıxarılıb. Peykin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir.
Peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək və peykinin resurslarının 44%-i artıq 15 illik müddətə Malayziyanın «Measat» peyk operatoruna icarəyə verilib. Ə.Abbasovun sözlərinə görə, may ayından peykin kommersiya fəaliyyətinə başlanacaq.