ANS-in Vaşinqton bürosunun müxbiri Sevinc Osmanqızının ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nulanda verdiyi Xocalı faciəsi ilə bağlı sualı və cavabını “Amerikanın səsi” radiostansiyası öz müxbirinin sualı kimi öz saytında yerləşdirməklə ANS-in müəllif hüquqlarını pozub.
Bununla “Amerikanın səsi” radiostansiyası ANS-in peşəkar nüfuzuna ziyan vurub. Bu, inkişaf etməkdə olan Azərbaycan jurnalistikasına Qərb standartları ilə işləyən radiostansiya tərəfindən vurulan zərbədir.
Belə ki, digər kütləvi informasiya vasitələri də bu məlumatı “Amerikanın səsi”nə istinadən yayıblar. Həmkarlarımızın bu misli görünməmiş hərəkətə əl atmasını qeyri-etik hesab edirik.
Xatırladaq ki, ANS-in Vaşinqton bürosu bir ilə yaxındır ki, fəaliyyət göstərir və mütəmadi olaraq, Azərbaycan xalqını tale yüklü məsələlərlə bağlı operativ informasiya ilə təmin edir. /anspress/