Azərbaycan Yazıçılar Biurliyinin sədri Anarın “Dədə Qorqud” povesti Moskvada “Mərcanı” Nəşriyyat Evi tərəfindən nəfis şəkildə nəşr edilib. Kitaba Xalq rəssamı Toğrul Nərimanbəyov yeni əlvan tərtibat verib. Bu barədə Modern.az-a AYB-dən məlumat verilib.
Nəşrə mərhum türkoloq, filologiya elmlər doktoru, Moskvada yaşayan həmyerlimiz Xalıq Koroğlunun vaxtilə yazdığı mətn ön sözü kimi verilib. Anarın əsərinin orijinallığını və eyni zamanda “Kitabi Dədəm Qorqud”un ruhuna və məzmununa uyğunluğunu yüksək qiymətləndirən alim yazır:
”Faktiki olaraq Anar oğuzların epik tarixini ümumiləşdirmiş, onların taleyini, həyatlarını, hansı ideallarla yaşadıqlarını bədii cəhətdən mənalandırmışdır”.
Kitaba D.D.Vasilyevin və T.A.Anıkıyevanın həm “Kitabi Dədəm Qorqud” dastanı, həm də Anarın povesti ilə bağlı mülahizələri və şərhləri əlavə edilib.
Bu, Anarın “Dədə Qorqud” povestinin Mockvada üçüncü nəşridir. Əvvəlki iki nəşrlər “Detgiz” nəşriyyatı tərəfindən yüksək tirajla çap edilib. Anarın həmin əsəri ayrıca kitab şəklində akademik Həmid Araslının ön sözüylə Bakıda Azərbaycan və rus dillərində beş dəfə, İranda Azərbaycan və fars dillərində iki dəfə, habelə Türkiyədə görkəmli türkoloq Osman Sərtqayanın ön sözüylə “Ötükən” nəşriyyatında və İsveçrədə işıq üzü görüb.
Modern.az