Yazıçılar Birliyinin nə qədər üzvünün olması dəqiq məlum deyil
“Yazıçılar Birliyinin qurultayına hazırlıq işləri heç də asan getmir. Biz həmişə bildiririk ki, yazıçılar “Ədəbiyyat” qəzetində qeydiyyatdan keçsinlər. 1500 nəfərdən heç 200 nəfəri üzvlük haqqı vermir. Bu qədər üzvü olmasına baxmayaraq, Yazıçılar Birliyinin nə qədər üzvünün olması dəqiq məlum deyil. Ona görə də qurultay keçirmək qeyri-mümkündür. Amma ya bu il, ya da gələn ilin əvvəlində qurultayın keçirilməsi planlaşdırılır”.
Bu sözləri Azərbaycan Yazıçılar Birliyiniin sədri Anar məsələ ilə bağlı mövqeyini Modern.az-a şərh edərkən bildirib.
AYB sədri Yazıçılar Birliyinin qurultayının yubadılmasının bir çox səbəblərinin olduğunu deyib. Sədr bildirib ki, Yazıçılar Birliyinin binasının təmir olunması və yubileyin keçirilməsi qurultayının gecikməsinə səbəb oldu.
“Qurultay heç vaxt vaxtında işləməyib. Bu hələ sovet dövründə də belə olub. Elə olub ki, bu qurultayların keçirilməsində hətta 20 il fasilə olub. Əvvəl Yazıçılar Birliyinin 5-6 üzvü var idi. İndi isə 1500 üzvü var. Bu insanlarla qurultay keçirmək mümkün deyil. Hazırda hazırlıq işləri gedir”.
Anar yenidən quruma sədrlik üçün namizədliyini irəli sürüb-sürməyəcəyinə qurultay ərəfəsində deyəcəyini bildirib.