Azərbaycan Mətbuat Şurasında (AMŞ) ölkənin şəhid jurnalistlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilib.
SalamNews-un xəbərinə görə, AMŞ Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov tədbirin açılışında bildirib ki, toplantıda məqsəd respublikada müstəqillik uğrunda hərəkatın ilk vaxtlarından başlayaraq ən qaynar nöqtələrdə peşə fəaliyyəti ilə məşğul olmuş və canlarından keçmiş vətənpərvər qələm sahiblərinin xatirəsini Xocalı faciəsinin ildönümü ərəfəsində yad etmək bir mənəvi borcdur. Ona görə də tədbirdə şəhid jurnalistlər Salatın Əsgərova, Fəxrəddin Şahbazov, Alı Mustafayev, Osman Mirzəyev, Çingiz Mustafayev, Kazımağa Kazımovun keçdiyi həyat və yaradıcılıq yolu barədə xatirələr səslənəcək, onların qohumlarının ürək sözləri dinləniləcək.
Tədbirdə Osman Mirzəyevin qızı Lalə Mirzəyeva, Əməkdar jurnalistlər Vasif Səmədov,Məzahir Süleymanov və başqaları mərhum qələm yoldaşları haqqında xatirələrini bölüşüblər.
Xatirə tədbirində həmçinin tənqidi fikirlər də səslənib. Bildirilib ki, 90-cı illərlə müqayisədə indi jurnalistlər üçün yaradılmış gözəl fəaliyyət imkanları müqabilində Xocalı faciəsini dünya ictimaiyyətinin diqqətinə təsirli vasitələrlə, forma və janrlarla çatdırmaq problemi hələ də həllini tapmayıb.
Sonra xatırə tədbirinin mövzusuna uyğun müzakirələr aparılıb.
– See more at: http://salamnews.org/az/news/read/115827#sthash.FAVFypFH.dpuf