Azərbaycan Media Mərkəzi (AMM) gələn ilin yanvarından Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərəcəyini elan edib.
Mərkəzdən SalamNews-a verilən məlumata görə, yarandığı dörd il ərzində AMM cəhdlər göstərməsinə baxmayaraq, dövlət qeydiyyatından keçə və müstəqil hüquqi şəxs statusu ala bilməyib. Eyni zamanda hazırda yerləşdiyi binanın icarə müddəti bitdiyi üçün ünvanını dəyişmək məcburiyyətindədir. Beləliklə, 2012-ci ildən AMM-lə əmkdaşlıqlar RATİ-nin ofisində, tədbirlər həmin ünvanda keçiriləcək.
Ümumiyyətlə, 2008-ci ilin oktyabrından etibarən Azərbaycan Media Mərkəzində 600-dən çox tədbir baş tutub. Mərkəz sosial mövzulara və mətbuat azadlığına dair 40 debat, 30 ictimai müzakirə təşkil edib, onlarla yeni katab və mühüm hesabatların, sərgilərin təqdimat mərasimlərini keçirib. Bu tədbirlərin ümumilikdə 15 min nəfərə yaxın iştirakçısı olub. AMM Azərbaycanda yeni medianın, o cümlədən internet televiziyasının inkişafına yardım göstərib, 30-dan yuxarı canlı internet debat, 20-dən çox təlim sessiyası keçirib, yerli jürnalistlərin bir sıra xarici ölkələrə, nüfuzlu beynəlxalq qurumları təmsil edən media mütəxəssislərinin Azərbaycana səfərlərini təşkil edib.