Dekabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim və ictimai-siyasi xadim, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda IX beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan alimləri ilə yanaşı, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Türkiyə, İran və digər ölkələrdən də alimlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək görkəmli alimin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Konfransı açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin zəngin elmi fəaliyyətindən, keçdiyi ömür yolundan söz açıb. Qeyd edib ki, Cəlal Əliyev ölkəmizdə bioloji müxtəlifliyin mühafizəsi və istifadəsi strategiyasının hazırlanmasında, xüsusilə Azərbaycanın elm tarixində ilk dəfə fotosintez prosesini əsaslı şəkildə öyrənib, bu sahədə uğurlu tədqiqatların aparılmasında böyük xidmətlər göstərib. Akademik Cəlal Əliyev Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı, bu sahənin inkişafında mühüm xidmətləri olan alimlərdəndir. Onun rəhbərliyi ilə yeni fundamental elmi-tədqiqat işləri təşkil edilib. Görkəmli akademikin elmi yaradıcılığının əhəmiyyətli hissəsi taxılçılığın inkişafına yönəlib.
AMEA-nın prezidenti bildirib ki, ölkəmizdə elmi-praktiki əsaslar üzərində qurulan bitki seleksiyası sahəsində qabaqcıl mövqeyi ilə seçilən Cəlal Əliyev məktəbi formalaşıb. Alimin fotosintezin tədqiqi sahəsində yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər, qazanılan uğurlar dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. O, ilkin seleksiya nailiyyətlərinin təsərrüfatlara sürətlə tətbiqini təşkil etmək üçün elmlə istehsalatın sıx əlaqəsini yaratmağa nail olub.
“Akademik Cəlal Əliyev Azərbaycanda biologiya sahəsində tədqiqatları inkişaf etdirməklə molekulyar biologiyanın və gen biotexnologiyasının inkişafının əsasını qoyub. Onun akademiyanın elmi əlaqələrinin inkişafında da mühüm rolu olub”, – deyə A.Əlizadə vurğulayıb.
Diqqətə çatdırılıb ki, hələ keçmiş sovet dövründə nüfuzlu beynəlxalq tədbirlərdə iştirak edən Cəlal Əliyev öz elmi axtarışlarında ən son yenilikləri tətbiq edib. Məhz onun səyi nəticəsində ölkəmizdə fotosintez sahəsində böyük uğurlara imza atılıb.
Akademik Cəlal Əliyevin öz fundamental tədqiqatları ilə AMEA və Kənd Təsərrüfatı Nazirliyi arasında işgüzar münasibətlərin formalaşmasına böyük töhfələr verdiyini qeyd edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bu əlaqələr artıq ciddi əməkdaşlıq müstəvisinə keçib. Görkəmli alim Azərbaycanda aqrar elmin yeni istiqamətlərini müəyyənləşdirib, onun əldə etdiyi nəticələrin tətbiqi bu sahədə dayanıqlı inkişafa yol açıb. Bu tədqiqatlar məhsuldarlığın yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Cəlal Əliyevin bioloji müxtəlifliyin mühafizəsi strategiyasının hazırlanmasında da böyük xidmətləri olub.
Nazir diqqətə çatdırıb ki, Azərbaycanda fotosintezin ilkin proseslərinin məhsuldarlıqla əlaqəsinə dair ilk tədqiqatlar akademik Cəlal Əliyevin adı ilə bağlıdır. O, biologiyanın yeni istiqamətlərinin müəyyənləşməsində, xüsusilə fotosintez sahəsində öz layiqli məktəbini yaradıb. Akademikin tədqiqatları əsasında məhsuldar, yüksək keyfiyyətli buğda sortları yetişdirilib, onların fizioloji və biokimyəvi əsasları işlənib. Respublikamızda geniş ərazilərdə becərilən bu bərk və yumşaq buğda sortları Cəlal Əliyev sortları kimi tanınır. Fermerlər “Bərəkətli 95”, “Qarabağ”, “Əzəmətli 95”, “Qobustan”, “Qırmızı gül 1”, “Tale 38”, “Ləyaqətli 80” sortlarını həvəslə becərirlər.
Qeyd olunub ki, akademik Cəlal Əliyevin 90 illik yubileyi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyində də xüsusi tədbirlər planı hazırlanıb. Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU), Əkinçilik Elmi-Tədqiqat İnstitutunda silsilə tədbirlər keçirilib. ADAU-da görkəmli akademikin adını daşıyan bitki fiziologiyası laboratoriyası yaradılıb. Görkəmli alimin 90 illik yubileyinə həsr edilmiş elmi əsərlər məcmuəsi nəşr olunub. Nazirliyin “Aqrar elm” jurnalının və “Kənd həyatı” qəzetinin bir buraxılışı akademik Cəlal Əliyevin elmi və ictimai-siyasi fəaliyyətinə həsr edilib.
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov alimin keçdiyi həyat yolundan, elmi təşkilatçı kimi fəaliyyətindən danışıb. Bildirib ki, onun elmi fəaliyyəti əsasən ölkəmizin ərzaq təhlükəsizliyi üçün vacib olan sahələrin tədqiqinə yönəlib, alimin dərin nəzəri bilikləri və ideyaları nəticəsində yeni buğda sortlarının yaradılmasına nail olunub. Ömrünün altmış ildən çoxunu Azərbaycan elminin inkişafına həsr edən, yüzə yaxın elmi kadrlar hazırlamış görkəmli alim Cəlal Əliyev 600-dən çox elmi əsərin müəllifidir. Hələ ötən əsrin 70-ci illərində akademik Cəlal Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə bioinformatika məktəbinin əsası qoyulub. Hazırda alimin fotosintezlə bağlı əldə etdiyi elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur.
AMEA-nın vitse-prezidenti, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova akademik Cəlal Əliyevin həyatı və elmi fəaliyyəti haqqında danışıb. Diqqətə çatdırıb ki, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiyanın, molekulyar genetikanın, gen və hüceyrə biotexnologiyasının əsası keçən əsrin 70-ci illərində akademik Cəlal Əliyev tərəfindən qoyulub və əsaslı şəkildə inkişaf etdirilib. Bütün tədqiqatlarını multidissiplinar istiqamətlərdə aparan alim biologiya elmində riyaziyyatın tətbiqinə böyük diqqət yetirib. Bu gün də həmin işlərin nəticələri öz bəhrəsini verir. Həyatını fotosintez prosesinin sirlərinin öyrənilməsinə həsr edən alim bu mürəkkəb və unikal prosesi öyrənməklə dünya elminə mühüm yeniliklər gətirib.
Cəlal Əliyev öz elmi fəaliyyətini kənd təsərrüfatı bitkilərinin, əsas ərzaq bitkisi kimi buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsinə həsr edib. Azərbaycan elmi tarixində ilk dəfə yer üzərində həyatın əsasını təşkil edən fotosintez prosesinin əsaslı şəkildə öyrənilməsinə ciddi maraq göstərib və bu sahə onun elmi yaradıcılığının fundamental tədqiqat obyektinə çevrilib. Fotosintez prosesinin müxtəlif tədqiqat istiqamətlərinin inteqrasiyası hesabına “yaxşı” fotosintez haqqında təsəvvür yaradıb, kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə edilməsi üçün prosesin optimallaşdırılması məsələlərini araşdırıb. O, tarla şəraitində yetişdirilən kontrast buğda və soya genotipləri ilə aparılan 40 illik təcrübələrlə sübut edib ki, fototənəffüs təkamülün gedişində formalaşmış həyati əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif yollarla fototənəffüsü azaltmaq cəhdləri əsassızdır. Cəlal Əliyevin fototənəffüs prosesi ilə bağlı əldə etdiyi bu qlobal nəticə dünya elminin tarixinə qızıl hərflərlə yazılacaq.
Qeyd edilib ki, alimin yaratdığı dünya səviyyəli müasir elmi məktəbin yetirmələri bu gün də Azərbaycanda və dünyanın ən nüfuzlu elmi mərkəzlərində tədqiqatlar aparırlar. Onun fotosintezlə bağlı əldə etdiyi elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur. Azərbaycan elminin dünyada tanınmasında, təbliğində və beynəlxalq elmi təşkilatlarla əlaqələr qurulmasında bu böyük alimin misilsiz xidmətləri olub.
Konfransda Beynəlxalq Fotosintez Cəmiyyətinin katibi, professor Julian Eaton-Rye “Akademik Cəlal Əliyevin dünya fotosintez elminə verdiyi töhfələr” mövzusunda məruzə ilə çıxış edib. Professor məruzəsində görkəmli alim Cəlal Əliyevin Azərbaycanda biologiya elminin bir sıra yeni istiqamətlərinin müəyyənləşdirilməsində və onun aktual problemlərinin həllində, bütövlükdə aqrar elmin inkişafında, buğdanın məhsuldarlığının əsası kimi fotosintez prosesinin kompleks tədqiqində rolundan bəhs edib.
Sonra Beynəlxalq Fotosintez Cəmiyyətinin təsis etdiyi akademik Cəlal Əliyev adına mükafatın təqdimatı olub.
Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, akademiklər Teymur Bünyadov, Yaqub Mahmudov, Asəf Hacıyev, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, ekologiya və təbii sərvətlər nazirinin müavini, AMEA-nın müxbir üzvü Novruz Quliyev, Milli Məclisin komitə sədri Eldar İbrahimov və digər çıxış edənlər Cəlal Əliyevin yüksək mənəvi keyfiyyətlərindən, ictimai-siyasi fəaliyyətindən, alimin biologiya elminin inkişafına verdiyi töhfələrdən, kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsində, fotosintez və fototənəffüs proseslərinin kompleks tədqiqində göstərdiyi xidmətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Vurğulanıb ki, akademik Cəlal Əliyev ciddi və tələbkar müəllim olmaqla yanaşı, hər zaman yetirmələrinə qayğı ilə yanaşıb, səmimi tələbə-müəllim münasibəti yaradıb. Ömrünü elmə, təhsilə həsr edən Cəlal Əliyev unikal şəxsiyyət olaraq şərəfli, vicdanlı, məsuliyyətli müəllim adını daim uca tutub. Onun məktəbinin davamçıları hazırda Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Ukrayna, Koreya və digər ölkələrin nüfuzlu universitetlərində uğurla fəaliyyət göstərirlər. Alimin zəngin elmi fəaliyyəti hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplomu”na layiq görülüb, “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif edilib.
Əməkdar memar Rasim Əliyev ailə üzvləri adından çıxış edərək konfransın təşkilinə görə AMEA rəhbərliyinə, həmçinin tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Sonda akademik Cəlal Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.