AMŞ-ın «Reket jurnalistika»ya qarşı mübarizə komissiyasının iclası olub

Azərbaycan Mətbuat Şurasının (AMŞ) «Reket jurnalistika»ya qarşı mübarizə komissiyasının iclası keçirilib. AMŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin rəhbərlik etdiyi komissiyanın üzvləri 8 mətbu nəşr və 1 xəbər portalı ilə bağlı məsələni müzakirə ediblər.

AMŞ-nin SalamNews-a verdiyi məlumatda bildirilir ki, «Ədalət tribunası» qəzetinin Mətbuat Şurasının «reket nəşrlər» üçün müəyyənləşdirdiyi «qara siyahı»ya salınması üçün kifayət qədər əsasların mövcud olduğu təsdiqlənib.

«Dünya» İnformasiya Agentliyi ilə əlaqədar məsələyə baxılarkən komissiya üzvləri yekunda xəbər portalına sonuncu xəbərdarlığın olunması razılığına gəliblər. «Dünya» İA-nın baş redaktoru Məhəmməd Ərsoya xəbər portalının fəaliyyətində dönüş yaratmaq tövsiyə olunub. İclasda belə bir fikir vurğulanıb ki, adları «qara siyahı»da olan bəzi KİV rəhbərləri peşə fəaliyyətləri ilə bağlı olmayan hərəkətləri təsis etdikləri digər mətbu nəşrlər vasitəsilə həyata keçirirlər. Adı həmin siyahıda olan «Azərbaycan və iqtisadi yüksəliş» qəzetinin təsisçisi Müştəba Əliyev bu məqsədləri üçün «Azərbaycan ideyası» adlı qəzetdən istifadə edir. Bu qəzetin adının da həmin siyahıya salınması üçün MŞ İdarə Heyətinə təklif olunub.

İclasda bir sıra digər mətbu orqanlar barədə Şuraya daxil olan müraciət və məlumatlar da nəzərdə keçirilib. Belə rəyə gəlinib ki, «Korrupsiya və bəşəriyyət», «Vergilərə nəzarət», «Mayak», «Qanun və kriminal», «Nəzarətin gücü» qəzetləri ilə bağlı araşdırmalar davam etdirilsin. Komissiyanın rəyləri əsasında qərarların çıxarılması məsələsinə Şuranın İdarə Heyətinin iclasında baxılacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO