Altı dildə “Azərbaycan xalçaları-Qarabağ qrupu” broşuru hazırlanıb

“Azər-İlmə” “Azərbaycan xalçaları-Qarabağ qrupu” adlı broşur nəşr etdirib. “Azər-İlmə”dən APA-ya verilən məlumata görə, xalçaçılıq tarixində ilk dəfədir ki, fundamental elmi tədqiqatlar nəticəsində ərsəyə gələn bu broşurda Qarabağ xalçalarının özünəməxsus cəhətləri, fərdi xüsusiyyətləri, toxunma texnologiyası, rəng və kompozisiya həlli hərtərəfli, geniş tədqiq olunub. Broşurda iyirmiyə yaxın əntiq xalça nümunələri və onların bədii təsviri, Qarabağın bütün rayon və şəhərlərinin xalçaçılıq ənənələri haqqında məlumatlar verilib.

Xalçaların özünəməxsus çeşniləri, rəngləri, naxış və ornametlərindən bəhs edən “Azərbaycan xalçaları: Qarabağ qrupu” broşuru Qarabağ xalçaları həqiqətlərini altı dildə bütün dünyaya çatdırır. Azərbaycan, rus, ingilis, ərəb, fransız və alman dillərində çap olunan broşurun beynəlxalq tədbirlərdə, görüşlərdə paylanması, dünya sənətşünasları, tarixçilər arasında yayılması nəzərdə tutulub. Qeyd edək ki, bu broşurda yer alan antik və müasir Qarabağ xalçaları “Azər-İlmə”nin kolleksiyasında qorunur. Layihənin rəhbəri dosent Vidadi Muradovdur. Layihə üzərində həmçinin tarix elmləri doktoru Kərim Şükürov və sənətşünas Asiya Şirəliyeva da çalışıblar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO