Kapellhaus Alman-Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Tibb Universitetinin müəllimi, tarix elmləri doktoru Həcər Verdiyevanın “Almanlar Şimali Azərbaycanda” kitabının təqdimatı olub. Kitab üç dildə – Azərbaycan, rus və alman dillərində nəşr olunub. Kitaba ön sözü Alman-Azərbaycan Cəmiyyətinin sədri, kulturologiya elmləri doktoru Çingiz Abdullayev yazıb.
Əsər Azərbaycan tarixinin Almaniya ilə bağlı səhifələrinə həsr olunub. Monoqrafiyada Rusiya imperiyasının Qafqazda apardığı müstəmləkə siyasətinin əsas istiqamətlərindən biri olan köçürmə siyasəti nəticəsində almanların Azərbaycan torpaqlarında məskunlaşması, bu diyarın tarixinin sosial-iqtisadi və mədəni həyatında tutduqları yeri ilə bağlı məsələlər araşdırılıb. Bu elmi əsər Almaniya-Azərbaycan əlaqələrinin möhkəmlənməsi işinə töhfə olmaqla yanaşı, obyektiv tarixilik prinsipi əsasında Azərbaycan tarixinin öyrənilməmiş səhifələrini tarixi sənədlər və geniş faktiki materiallar əsasında qələmə alınıb.