Azərbaycanın “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC iqtisadiyyat mövzusunda yazan KİV nümayəndələri üçün ötən il təşkil etdiyi “Maliyyə və iqtisadiyyat təlimi” treninq-seminarının davamı olaraq yeni təlim layihəsinə start verir.
ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, dekabrın 3-7-də “Çıraq Plaza”nın 2-ci mərtəbəsində keçiriləcək təlim kursu “Maliyyə haqqında ümumi anlayış, mühasibat uçotu nəticəsində yaranan hesabatların növləri (maliyyə hesabatları, vergi hesabatları, idarəetmə hesabatları), maliyyə hesabatlarının məqsədi və istifadəçiləri, maliyyə hesabatlarının beynəlxalq standartları (MHBS – IFRS), maliyyə hesabatlarının tərkib elementləri və forması, mühasibat haqqında ümumi anlayış, müəssisənin müxtəlif alternativ maliyyələşmə imkanları, maliyyənin idarə edilməsi, büdcə, proqnozlaşdırma və onlara nəzarət, investisiyaların qiymətləndirilməsi” mövzularını əhatə edir.
Təlim kursunda iştirak edən və uğurla başa vuran jurnalistlərə müvafiq sertifikatlar təqdim ediləcək. Təlimdə iştirak etmək istəyən jurnalistlərin qeydiyyatına artıq başlanılıb və qeydiyyat dekabrın 2-dək davam edəcək (Əlaqə telefonu: 012-404-77-77).
Qeyd edək ki, “Akkord”un 2011-ci ildə həyata keçirdiyi analoji layihə media orqanları və jurnalistlər tərəfindən böyük maraqla qarşılanıb. Ötən ilin dekabrın 19-26-da həmin tədbirdə iştirak edən jurnalistlər mövzularla bağlı geniş və maraqlı bilgilər əldə ediblər. Təlim layihəsinin nəticəsi olaraq dekabrın 28-də paytaxtdakı “Çıraq Plaza” biznes mərkəzinin konfrans salonunda təşkil olunmuş mərasimdə treninqdə iştirak etmiş KİV nümayəndələri ilə yekun görüş keçirilib. Mərasimdə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İdarə Heyətinin üzvləri iştirak ediblər. Tədbirdə treninqdə iştirak etmiş 30-a yaxın iştirakçıya müvafiq sertifikatlar və Korporasiyanın hədiyyələri təqdim edilib.
Builki layihənin də yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb. Jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədi daşıyan treninqin yüksək peşəkar səviyyədə aparılması üçün qlobal nüfuza malik PricewaterhouseCoopers (PwC) audit və konsaltinq şirkəti cəlb edilib.