Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan DİA-nın rektoru, akademik Urxan Ələkbərov akademik Ramiz Mehdiyevin kitabında Azərbaycan tarixinin mühüm mərhələlərindən birini təşkil edən xanlıqlar dövrünün ilk dəfədir siyasi və tarixi aspektdən yeni kontekstdə işıqlandırıldığını qeyd edib.
Rektor Urxan Ələkbərov bildirib ki, akademik Ramiz Mehdiyevin bu kitabı Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən sayılan xanlıqlar dövrünün indiyədək tarixşünaslığımıza məlum olmayan siyasi sənədlərin araşdırılması əsasında konseptual elmi addımdır. Orijinal sənədlərin daxil edildiyi toplu xanlıqlar dövrünün siyasi və tarixi təhlilinə həsr olunan sanballı elmi tədqiqatdır. Akademik Ramiz Mehdiyev xanlıqlar dövrünün indiyədək ciddi elmi mübahisələrin predmeti olan bir sıra mühüm problemlərinə, hadisə və şəxsiyyətlərə faktlar və etibarlı elmi mənbələr, arxiv sənədləri əsasında münasibət bildirir.
Rektor vurğulayıb ki, əsər dövlət idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması üçün də çox faydalıdır və bu səbəbdən müzakirənin keçirilməsi olduqca əhəmiyyətlidir.
Kitab haqqında ətraflı məlumat verən DİA-nın I prorektoru, professor Əlikram Abdullayev qeyd edib ki, bu kitab tarixi əsər olduğu dərəcədə də sosial-fəlsəfi, politoloji əsər kimi öyrənilə bilər və öyrənilməlidir.
AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Kərim Şükürov akademik Ramiz Mehdiyevin tədqiqat aparmaqla yanaşı, tədqiqatçılara bir istiqamət göstərdiyini deyib, “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabını Azərbaycan tarixinin fəlsəfəsinin öyrənilməsi baxımından yüksək qiymətləndirib.
DİA-nın siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov bildirib ki, 22 orijinal sənədin daxil edildiyi dəyərli nəşr xanlıqlar dövrünün siyasi və tarixi araşdırılmasına həsr olunan sanballı tədqiqat işi olmaqla yanaşı, həm tarixçilər, həm də Azərbaycan tarixi ilə məşğul olan mütəxəssislər üçün bir mənbə kimi böyük əhəmiyyət kəsb edir. Kitabda müxtəlif xarici mənbə və ədəbiyyatdan geniş istifadə edilib, məsələn, türkiyəli tarixçi F.Sümər, iranşünas və şərqşünas alimlər M.S.İvanov, K.E.Bosvort, Y.Krımski və başqalarının xanlıqlar dövrünün hadisələri ilə bağlı maraqlı fikirlərinə istinad edilir. “Akademik Ramiz Mehdiyev haqlı olaraq diqqətə çatdırır ki, tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha amansızlıqla təkrar olunur. Əsərdə xanlıqlar dövrünün hadisələrinin müasir dövrlə əlaqələndirilməsi diqqəti xüsusilə cəlb edir. Akademik bu qənaətə gəlir ki, Azərbaycan xanları vaxtilə birləşib ümumi düşmənə qarşı vahid cəbhədən çıxış edə bilsəydilər, torpaqlarımızın bu qədər asanlıqla və qısa zamanda işğalı da mümkün olmazdı”, – deyə Elçin Əhmədov vurğulayıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ictimai elmlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor Camal Mustafayev, DİA-nın tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, kafedranın professoru Musa Quliyev və başqaları qeyd ediblər ki, akademik Ramiz Mehdiyevin tədqiqatları, dərin məntiqə söykənən fikir və mülahizələri, dəyərli tövsiyələri, həmçinin təqdim etdiyi qiymətli sənədlər xanlıqlar dövrünə aid bir çox yanlış yanaşmaları aradan qaldırmağa imkan yaradacaq. Bununla yanaşı, Azərbaycan tarixşünaslığında, ictimai fikrində məsələyə münasibətdə daha sistemli və obyektiv baxışın formalaşmasına təkan verəcək. Eyni zamanda, akademik dairələrin müraciət edəcəyi və tədris proqramlarına daxil ediləcək önəmli mənbələrdən biri olacaq.