Sultan MƏRZİLİ
“Şəhriyar” Ədəbi Mədəni Cəmiyyətinin poeziya və nəsr üzrə katibi
Ömrü boyu, həyatının ən çətin anlarında belə nikbin olmağa, gələcəyə ümidlə baxmağa çalışan, yazılarında bir güc, bir inam, insanın qəlbini isidəcək bir hərarət olan, günəşə baxan və günəş şüaları kimi misrlarayla ürəklərin buzunu əritməyə çalışan bir şair qəlbi döyüntülərini misralara pıçıldayıb susdu… Hər bir insan həyatda ruhən güclü, nikbin olmağa çalışsa da elə anlar olur ki, həyatın, dünyanın özü bir yarpaq kimi saralıb gözündən düşür. İndi Moskvanın bu soyuq qarlı qışında bir çox dost-tanışlarla birgə mənim də qəlbim üşüyür, ürəyimdə, gözlərimdə yaş donur. Bəzən od da, alov da donur, buz kimi, çıraq şüşəsi kimi kövrək olur, zaman dayananda hər şey donur…
Hər şairin dünyadan köçməyi təkcə bir ömrün baş günü deyil, həm də bir zamanın sonudu.
Yer üzündə xəzəllər son dəfə gülər,
Son dəfə dil açar, diləyər kömək.
Ömür ağacından güllər tökülər,
Payızın saralmış yarpaqları tək.
Çəkər öz ardıyca məni tale, bəxt,
Əlimdən nə gəlir, öndə – qar, külək.
Bir gün, son günüm də o son yarpaq tək,
Ömür ağacımdan qopub düşəcək.
Bu misralar qürbətdə, nəhəng Rusiyanın baş şəhəri Moskvada yaşayan həmyerlimiz, qələm dostumuz, söz sirdaşımız olan şair Sabir Abdullanın 2006-cı ildə Moskvada nəşr olunan “Günəşə bax” adlı kitabının son səhifəsindəndi. Bu günlərdə acı bir xəbər hamımızı titrətdi, sarsıtdı. Uzun müddət xəstə yatan, ölümlə çarpışan, həyatda həmişə nikbin, gülərüz, təmkinli və cəsarətli insan, hər şeydən öncə kövrək qəlbli şair olan bir insan, arzuları, ümidləri yarı yolda qaldı, 8 yanvar 2013-cü ildə gözlərini əbədiyyətə qapadı… O hələ oğul evləndirməli, qız köçürməli, nəvə qığıltısı eşitməli idi, hələ neçə-neçə kitablıq sözlərlə dolu ürəyini misra-misra boşaltmalı idi. Göylərin sirrini yerdə açmaq olmur ki?!..
Onun yaxınlarına, əzizlərinə, dostlarına səbr və əziz qələm qardaşımıza Allahdan rəhmətlər diləyirik!
Məmmədov Sabir Abdulla oğlu 1950-ci il 15 iyunda Şəkidə, Oraban kəndində doğulub. Azərbaycan Politexnik İnsititunu və Moskvada Qorki adına Ədəbiyyat İnstitunu bitirmişdi.
Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvü idi. Ədəbiyyat üzrə V.Tsıbin adına mükafata layiq görülmüşdü. Rusiyadakı azərbaycan diasporunda, eləcə də rusiya şairləri arasında tanınmış və sevilən bir şəxsiyyət idi.
Qəlbi Vətənə, taleyi şeirə bağlı şairin Moskvada nəşr olunan Azərbaycan və rus dilində kitabları ilə, gözəl və mənalı şeirləri ilə yaddaşlarda öz yeri var. Doğulduğu gündən öləcəyi bəlli insanın ömrü sanki bir məchulluğa doğru gedən yoldu. Zaman-zaman hər bir insan həyatın mənasını dərk etməyə çalışır. Və bu əbədi sual-cavablara ən həssas yanaşanlar şairlərdi. Sabir Abdullanın klassik rübailər səpkisində belə bir şeiri var:
– Hardansan, nəçəsən? Sual verməyin,
Cahan millətimdir, dünya Vətənim.
Bir gün mən öləndə kədərlənməyin,
Ölümlə qurtarmır ömürüm mənim.
Doğrudan da sənətkar ömrü, şair ömrü, ölümlə bitmir. Onun yazdığı, yaratdığı, qəlbinin ən dərin, pak qatlarından süzülüb gələn əsərlərində, şeirlərində qalır. Sabir Abdullanın geniş yaradıcılıq irsi var, bu ayrıca bir tədqiqat və araşdırma tələb edir. Mən istərdim ki, oxuculara onun son şeirlərindən bir dəstə, çələng təqdim edim. Ola bilsin məzarı üstünə qoyulan güllər solacaq, təravətini itirəcək, amma onun şeirləri həmişə tər-təzə, doğma Şəkisinin, doğulduğu Oraban kəndinin baharda açılan gül-çiçəkləri kimi təravətini saxlayacaq. Bu şeirlərdə yetkin bir şair düşüncəsi, həyatın son damlasını, acısını da mərdliklə qəbul edən müdrik bir insanın ibrətamiz və poetik düşüncələri var. Bu şeirlər sanki şair Sabir Abdullanın son qu quşu nəğmələridir. Bu möhtəşəmlikdə misralar yalnız şair ömrünün sonunda, əbədiyyət qapısının önündə yazıla bilər…
Gəlişim sualdır, gedişim bir sirr,
Nələr görməmişəm, nələr görəcəm…
Sabir ABDULLA
SAĞLIĞIMDA GƏL
Mən xəstəxanada olan zaman bir nəfər doğma adam telefonda məndən soruşdu: “Səni görməyə nə vaxt gəlim?”
Günaha batmışam, halım indi yox,
Günahkar yanına öz ağlında gəl.
Sən məni görməyə can verəndə yox,
Sən məni görməyə sağlığımda gəl.
Sən məni görməyə sağlığımda gəl,
Hələ tükənməyib səsim, nəfəsim.
Fikrində, qəlbində inam ək, becər,
Zərrəcə ümid ver – bəsimdir, bəsim.
Tufanlar qoynunda çırpınır ömür,
Həyatın zövqünə çatmayır da əl.
Sanıram üstümə Əzrayıl dönür,
Sən məni görməyə sağlığımda gəl.
Sən məni görməyə sağlığımda gəl,
Giley-güzarları saxla sabaha.
Bir gün axtaracan məni əlbəəl,
Bir gün axtaracan… Mən yoxam daha?!
Göylərin qoynunda keşikçin ollam,
Yer üstdə heç nəyə qoyma da məhəl.
Allahdır can alan, ömrü saxlayan,
Sən məni görməyə sağlığımda gəl.
Sabir Abdullayam, halım indi yox,
Halımı duymağa öz ağlında gəl.
Sən məni görməyə can verəndə yox,
Sən məni görməyə sağlığımda gəl.
Moskva. 01 iyul 2012-ci il.
SAXTALIQ
Möcüzə qoynunda titrəyir səsim,
Heyrət axarında mən bata-batda.
Hər kəlmə başında “can” deyən kəsi,
Qarğışı ürəkdən, alqışı saxta.
Yersiz qürrəliyib özəyi şöhrət,
Şöhrət sevənlərin sevgisi yalan.
Məqsədlə edilən yaxşılıq, hörmət,
Söyüşdən, yumruqdan yamandır, yaman.
Nadürüst kimsənin ocağı saxta,
Nəfsinin alovu, közü saxtadır.
Beşiyi, qundağı, qucağı saxta,
Əməli saxtadır, sözü saxtadır.
Zorla qürrələnib, zorla gülməkdən,
Bir daşa könüllü dönmək yaxşıdır.
Pul üstə kif basıb ömür sürməkdən,
Çul üstə fərəhlə ölmək yaxşıdır.
Güldanda toz basıb ipək güllərin,
İyi yox, qoxu yox – baxışı saxta.
Könül ovsunlayan “şəkər”, “bal” dilin
Qəlblərə vurduğu naxışı saxta.
Yolun əyrisini seçsən əzəldən,
Getmə… gedirsənsə, “cəhənnəmə get”…
Cənnətdə könülsüz veyillənmə sən,
Sidqi ürək ilə cəhənnəmə get.
Mərmər şahənşahda ət ürpəşir, ət,
Qızılı taxt-tacın kişisi axta.
Minlərlə yoğrulan nəzakət, hörmət,
Qayğı, məhəbbət də saxtadır, saxta.
Hara boylanırsan nağıldır, nağıl,
Toyda gülməyən kəs hüzürdə gülür.
Dağ boyda atanı görməyən oğul,
Darı böyüklükdə daş-qaşı görür.
Məzmunsuz dastandır şərəfsiz ömür,
Dastanın bu başı, o başı saxta.
Sağlığı bir yana rəzil ömürün
Qəbrinə qoyulan başdaşı saxta.
Quruluq evinin yolları əyri,
Cah-cəlal içində xəstədi vicdan.
Bu dünya Adəmdən, Həvvadan bəri
Göz yaşı axıdır, ya axıdır qan.
Əsilsiz kimsənin qanı da saxta,
Yağını çıxartsan – yağı saxtadır.
İştahı təbii, imanı saxta,
Gözünün qarası, ağı saxtadır.
ULDUZUMUZ SÖNDÜ…
Ayaq izlərindən soruşdum səni,
Yolları göstərdi, yollar duman, sis.
Qovuşub ayrılan cığırlar kimi,
Görüşdük, ayrıldıq səssiz-səmirsiz.
Yağdı aramıza yağış, dolu, qar,
Günəşi axtardım, günəş görünməz.
Sandım ki, üstümə dartındı dağlar,
Dağlar da sevgidir, sevgi bölünməz.
Qorxunc xəbərlərdən titrəyəndə can,
Demə, tükənərmiş ürəyin sözü.
Qımışa-qımışa dolanan hicran,
Oxşada-oxşada ayırdı bizi.
Görüş yerlərinə bir dön, qayıt gəl,
Qayıt bax, gör necə dünya daraldı.
Min-min ulduzların içində bircə,
Bizim ulduzumuz söndü, qaraldı.