Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında şairə Mərcan Şahbuzlunun yaradıcılıq gecəsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, tanınmış teleaparıcı və xalq artisti Ofeliya Sənani, bəstəkar Nəriman Məmmədov, Şəbnəm Tapdıq və başqaları iştirak edib.
Tədbiri giriş sözü ilə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Aybəniz Əliyeva- Kəngərli açaraq şairənin hərtərəfli elmi ictimai fəaliyyətindən, şeirlərindən danışıb. O, şairənin yaradıcılığında milli məfkurəmiz olan Azərbaycançılıq ideologiyasının, milli mənəvi dəyərlərin qorunmasının, vətənpərvərlik və birlik mövzusunu əsas yer tutduğunu deyib.
Çıxış edənlər şairənin yaradıcılığından geniş şəkildə bəhs ediblər.
Bugünkü tədbirdə həmçinin şairənin “Sevincimi sevinc ilə bölüşdüm” kitabının təqdimatı keçirilib. Onun şeirlərində yurd sevgisi, vətənpərvərlik mövzusu əsas yer tutur.
Tədbir zamanı həmçinin şairə haqqında video görüntülər nümayiş olunub.