Bu günlərdə Moskvada “Kitab sənəti-2010” beynəlxalq müsabiqəsi başa çatıb. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat sektorunun müdiri, Əməkdar Mədəniyyət Xadimi, şair Çingiz Əlioğlunun “Çərçivə” kitabı müsabiqənin Qran-prisinə layiq görülüb. Kitabın tərtibçisi A.Bəhruz, redaktoru Gülər Mehdiyeva, fotoşəkillərin müəllifi isə Orxan Çingizoğludur. Birinci, ikinci və üçüncü yerlərə namizəd olan 54 kitab ikinci tura keçib. Əvvəlki illərdə olduğu kimi budəfəki müsabiqə də Azərbaycan üçün uğurlu olmuşdur. Belə ki, Azərbaycan kitabları müsabiqədə ikinci, üçüncü yerləri tutmuş və Qran-Priyə layiq görülüb. Münsiflər heyəti Miniatür Kitab Muzeyi tərəfindən nəşr edilmiş 7 kitabdan ibarət miniatür silsiləni “Birlik” nominasiyasında ikinci mükafata layiq görüb. “Müasirimiz” nominasiyasında Mədəniyyət və Turizm Nazirliyinin “Əfəndi” nəşriyyatı tərəfindən buraxılmış “Kataloq” üçüncü yeri tutub. Üç dildə – Azərbaycan, ingilis və rus dillərində nəşr edilmiş bu kataloq təkcə tərtibatına və zövqlə seçilmiş fotoqrafiyalara görə deyil, həm də ölkəmizin mədəni həyatı haqqında təqdim edilən informasiyanın tamlığına görə diqqəti cəlb edir. 2000 nüsxə tirajla buraxılmış “Çərçivə” kitabının adı rəmzi məna daşıyır. Burada şair həyatının bir anı, daha doğrusu, bu həyatın canlı salnaməsi çərçivəyə salınmış fotoşəkli xatırladır.