Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) hesab edir ki, jurnalistlərin həmkarlar ittifaqı təşkilatının yaradılması sahəsindəki məsələlər həllini tapmalıdır. Konfederasiyanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bununla bağlı Modern.az-a açıqlamasında deyib:
“Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərlinin yaratdığı Jurnalistlərin Həmkarlar İttifaqı hal-hazırda fəaliyyət göstərir, ancaq söhbət həmin təşkilatın Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv qəbul olunmasından gedirsə, bu sahədə müəyyən səbəblər üzündən hələlik irəliləyiş yoxdur, bir durğunluq vardır. Biz, AHİK olaraq həmin təşkilata bunun üçün hər cür köməklik göstərməyə hazırıq və göstəririk də. Ümid etmək olar ki, həmin məsələ öz həllini tapacaqdır”.
N.Ağamirov onu da deyib ki, AHİK ölkənin aparıcı informasiya agentliyində – “APA Holdinq”də həmkarlar ittifaqı təşkilatının yaradılmasını alqışlayır və digər media orqanlarının da həmin həmin təşəbbüsə qoşulmalarını arzulayır.
““APA Holdinq”də keçirilən Həmkarlar İttifaqı Komitəsinin təsis konfransında təşkilatın yaradılması və AHİK-in üzvü olan Azərbaycan Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin tərkibinə qəbul olunması qərara alındı” deyən N.Ağamirov belə bir addımı digər media quruluşlaından da gözlədikləırini vurğulayıb.