Agentliklərin adları necə yaranıb, ideyanı kim verib?

Modern.az saytı Kütləvi İnformasiya Vasitələrinin adları ilə bağlı silsilə yazıları davam etdirir. Azərbaycandakı İnformasiya agentliklərinin adları necə yaranıb, ideyanı KİV rəhbərlərinə kim verib? Beləliklə, növbədə informasiya agentlikləridir.

AzərTAc – Ölkəmizdə ilk informasiya agentliyi olan Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranıb, sonralar sovet hakimiyyəti illərində müxtəlif adlarla. O cümlədən “Azərinform” kimi fəaliyyət göstərib. Agentlikdən verilən məlumata görə, müstəqilliyimizi bərpa etdikdən sonra agentlik özünün tarixi adını – “AzərTAc”ı bərpa edib. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlanır.

APA – “Azəri-Press Agentliyi”nin (APA) baş direktoru Vüsalə Mahirqızı agentliyin ad seçiminin öz təşəbbüsü olduğunu bildirib.
“Bu ad mənim təklifim olub. Əslində agentliyə “Azər Press” adı vermək istəyirdim. Sonra məlum oldu ki, bu adda agentlik bizdə fəaliyyət göstərir.Ona görə də “Azəri-Press” adını verdim”.

“Olaylar” – Agentliyin baş redaktoru Yunus Oğuz bildirib ki, 1994-cü ildən qeydiyyatdan keçən mətbu orqanın ad seçimində yazıçı, millət vəkili Sabir Rüstəmxanlının böyük rolu var.
“Bu ad Sabir Rüstəmxanlının ideyası olub. “Olaylar” ərəb sözüdür və hadisə deməkdir. Onun türkcə qarşılığı olay anlamına gəlir”.

“SİA” – “Səs” İnformasiya Agentliyi (SİA) 2008-ci il iyulun 23-də qeydiyyatdan keçib və fəaliyyətə başlayıb. Agentlik “Səs” qəzetinin adına uyğun olaraq, “Səs” İnformasiya Agentliyi adlanır.
Baş redaktor müavini Valeh Məhərrəmlinin sözlərinə görə, 1991-ci ilin yanvarın 11-dən çıxan qəzet həmin vaxt “Əlincə” Xeyriyyə Cəmiyyətinin orqanı olub. Bundan sonra da qəzetin adı belə qoyulub, yəni, cəmiyyətin gördüyü işlərinin səsi Azərbaycana yayılsın. Agentliyinki də həmçinin…”.

“Turan” – Agentliyin baş direktoru Mehman Əliyev ad seçiminin onun ideyası olduğunu deyib: “Ad təklifi mənim tərəfimdən irəli sürülüb. Agentlik yarananda biz jurnalistlərlə birgə müzakirə etdik ki, agentliyə hansı ad verək.Cürbəcür adlar var idi və son olaraq, bu adın üzərində dayandıq.O zaman Orta Asiyada, Qafqazda birinci müstəqil yaranan bizim agentlik idi. Turan türk xalqlarının yaşadığı bir məkandır. Biz də elə bir ad seçməliydik ki, həmin ad bu məkanı özündə birləşdirə bilsin. Beləliklə, bu adı seçdik”.

“Trend” – Agentliyin baş direktorunun müavini Elçin Hüseynov “Trend” adının mənasını belə izah edib:
“Trend İnformasiya agentliyi 1995-ci ildə yaradılıb. O vaxt bu agentlik yaradılanda iqtisadi-analitik agentlik idi. İqtisadi-analitik yönümlü olduğundan da “Trend” adı verildi. ”Trend” sözü də iqtidasi bir termindir. İngiliscədən tərcümədə “iqtisadi inkişafa doğru” mənasını verir. O vaxtkı birinci direktor İnqilab Əhmədov və bir neçə şəxs müzakirədən sonra agentliyə bu adı veriblər”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO