Zaman hər addımımıza qiymət verir. Bəzən elə məqamlar olur ki, zamandan yan keçmək istəsək belə alınmır…
Dünya nə qədər çalxalansa da zaman dəyişmir. Bu məkanda onun öz yeri və çəkisi vardır…
İnsan da zamanla sıx bağlıdır. Hər hərəkəti zamana söykənir. Və müəyyən zaman çərçivəsində qiymətini alır. Faciə onda olur ki, zaman gedir, amma insan qiymətini ala bilmir…
İstənlən halda, insanın atdığı hər bir addımın cavabını tanrı cavabsız qoymur. İstər yaxşı olsun, istərsə də pis. Bəzən bizə elə gəlir ki, cavab gecikib. Əslində belə deyil. Biz insanlar səbrsiz olmuşuq…
Tanrı hər kəsin hərəkətinə cavabı yerli-yerində verir…
Ona görə də elə yaşayıb yaratmalıyıq ki, məqam yetişəndə etdiyimiz hərəkətlərə görə peşimançılıq çəkməyək…
Yəqin zaman Ağdamla bağlı hər birimzin atdığı addımlara tanrı qiymət verəcəkdir…
Beləliklə, yenə də söhbət Ağdam haqqındadır…
Bu dəfə söhbətimizi şəhərin əsilzadə bəy nəsillərindən salırıq. Ürəklə adını çəkə bildiyimiz nəsillərdən biri də Əliverdibəyovlar nəslidir. Fəaliyyətləri ilə bu gündə fəxr ediləsi bir nəsil haqqında söhbəti Üzeyir Hacıbəyovun ev-muzeyinin direktor müavini Allahverdi Əliverdibəyovla edirik.
Söhbətə başlamamışdan əvvəl bir məqamı diqqətə çatdırmaq istərdim. Bizimlə söhbətində keçmiş sovet dövründə Ağdam RPK-nın birinci katibi işləmiş, hörmətli ziyalımız Sadıx Murtuzayev Ağdamın bütövlükdə bir möcüzə olduğunu dilə gətirdi. Bu möcüzələr içində Muradbəyli kəhrizinin öz yeri olduğunu qeyd edən S.Murtuzayev Xudu Məmmədovla birgə kəhrizə keçirdikləri baxışın yaddaşından silinməyəcəyini dedi. Həmin vaxt Xudu müəllimin sanki ayrı bir aləmə düşdüyünü deyən Sadıx müəlim altıkilometrlik kəhrizin hər 25 metrindən bir havalığı olduğunu və baş tərəfdən 40 metrlik dərinlikdən, ayaq tərəfdən isə üzə çıxan kəhrizin çox ustalıqla inşa edildiyini bildirdi. Sadıx müəllimin sözlərinə görə, həmin illərdə Misirdə inşa edilən “Asuan” SES-in layihə müəllifinin Azərbaycanda olarkən bu kəhrizə baxış kecirdiyini və kəhrizin həqiqətən möcüzə olduğunu təsdiq etmişdir. Xatırladaq ki, qonaq Sərsəng su ambarında baş verən sızma ilə əlaqədar Azərbaycana gəlmişdi. Və Ağdama da məhz həmin səfər çərcivəsində dəvət edilmişdi…
Muradbəyli kəhrizini isə haqqıında danışacağım nəslin nümayəndəsi Ələkbər bəy Əliverdibəy oğlu Əliverdibəyov inşa etdirmişdi. Elə buna görə də kəhrizə bəzən “Əliverdilər” kəhrizi də deyərdilər…
Həmsöhbətimin atası dahi Üzeyir bəyin dayısıydı. Onlar dörd qardaş olmuşdular. Mustafa bəy, Ağalar bəy, Bahadur bəy və Sadıq bəy. Ağalar bəy Üzeyir bəyin ilk musiqi müəllimi olmuşdu. Rasım, Kazım və Nazim Ağalar bəyin oğlanları idi. Onların hər birinin Azərbaycan müsiqi mədəniyyətinin inkişafında xüsusi rolu vardır. Nazim bəstəkar olmaqla, Bülbül adına orta məktəbin direktoru olmuşdu. Kazımda mehriban insandır. Xalq artisti Mənsum İbrahimovu üzə çıxaranda elə Kazım olmuşdu.
Ağalar bəyi yaxşı xatırladığını deyən Allahverdi Əliverdibəyovların Ağdamda xeyli torpağa sahib olduğunu dedi. Muradbəylidəki hərbi hissənin ərazisi, Dəri-zöhrəvi xəstəxana, Qulular kəndi, Muradbəylinin ərazisi məhz Əliverdibəyovlara məxsus olmuşdu. Hazırda o torpaqların “kupçalar”ını saxladığını deyən həmsöhbətim çox həvəslə oz nəsli barəsində danışdı:
– Mustafa bəy qardaşların ən böyüyü idi. İkinci qardaş Bahadur bəy həkim idi. Ağalar bəy və ən kiçiyi isə mənim atam Sadıq bəy idi. Mustafa bəy Xurşud Banuya görə dueldə öldürülüb. Belə ki, qonaqlıqların birində Şamaxılı bəylərdən biri Xurşud Banu haqqında nalayiq ifadələr işlədir. Duelə çıxan Mustafa bəy özü güllə yarası alsa da, həmin bəyi qılıncı ilə öldürür. Deyim ki, babam Ələkbər bəylə Xanqızı süd bacı qardaşı olmuşdular. Həm də Ələkbər bəy Natəvanın məsləhətçisi idi. Xanlığın idarə olunmasında ona kömək edirdi…
Mən anadan olanda atamın 75 yaşı var imiş. Atam 1974-cü ildə 86 yaşında, mən 4-cü sinifdə oxuyanda vəfat edib. Mənim bir tərəfim Mərzili, digər tərəfim isə Novruzlu kəndindəndir. Xudu Məmmədov mənim doğma dayımdır. Nənəm Çıraq bəyin qızı olmuşdu. Xudu müəllimin atası Surxay kişi Ağdamda Füzuli küçəsində ev tikdirmişdi. Füzuli küçəsində həmçinin Ağdam RPK-nın 2-ci katibi işləmiş, xalam Telli Rüstəmovanın və nənəmində evi var idi…
Bahadur bəy Ağdamda, həm də Əmircanda həkim işləmişdi.
Əməkdar həkim idi. Mamam Zibaxanımın əri Fərrux bəy Ağakişibəyov da Ağdamda işləyib. Ümumiyyətlə bibilərim çox qırağa deyil, qohumlara ərə gediblər. Bir bibim Hacıbıylilərə ərə gedib. İki bibim Bədəlbəylilərə gedib. Fərhad Bədəlbəyli mamam nəvəsidi. Əhməd Ağdamski Şəmsi Bədəlbəylinin əmisidir. Oğlu Telman Qarabağlı APİ-də işləyir.
Bibim Gövhər xanım öz əmisioğlu Səlim bəyə ərə gedib. Oğlu Kərim Əliverdizadə AZİ-nin professoru idi. Neftçıxarma sahəsində ixtiralarına görə “Dövlət mükatı” almışdı. Neftçıxarmada “kaçalka”nı o ixtira etmişdi. Ağakişibəyovların digər nümayəndəsi Səfəralı dəmiryolunda işləyirdi…
Üzeyir bəyin atası Əbülhəsən kişi Ağcabədilidir. Ona mirzəliyi Xurşidbanu Natəvan verib. Sonra Natəvan Ağcabədi torpaqlarının idarəçiliyini ona tapşırır…
Babam Ələkbər bəyin Ağdamda və Şuşada evi olub. Qışda Ağdamda, yayda isə isə Şuşada yaşayardı…
Həmsöhbətim bu arada Üzeyir bəylə bağlı bir məqama toxunur…
-Üzeyir bəyi deputatlığa namizəd verəndə ermənilər Moskvaya yazırlar ki, Üzeyir bəy xan nəslindəndir. Mircəfər Bağırov başda Mirzə İbrahimov olmaqla 3 nəfər hörmətli yazıçını yanına çağırıb deyir ki, elə edin ki, ermənilərin əli Üzeyirə girə bilməsin və biz onu deputat seçək. Deyim Mircəfər Üzeyirin xətrini çox istəyirdi. Onlar da çox götür-qoydan sonra belə bir təklifi irəl sürürlər ki, Üzeyirin doğulduğu yeri dəyişmək lazımdır. Elə o vaxtdan da hər yerdə yazılırdı ki, Üzeyir Şuşa quberniyasının Ağcabədi qəzasında anadan olub. Onu bu yolla Şuşa xanlığından “uzaqlaşdırır”lar. Bunu mənə Tiflis arxivində işləyənlər demişdilər…
Atam deyirdi ki, Üzeyir bəyin bəylik şəhadətnaməsində Natəvanın və Ələkbər bəyin imzaları var. Deyim ki, bəylik şəhadətnaməsi olmasaydı Üzeyir bəy oxumağa gedə bilməzdi. Hazırda bəylik şəhadətnaməsi Muzey Mərkəzində saxlanılır. Onu Alla Bayramova Qori Müəllimlər Seminariyasının arxivindən gətirib…
Yusif Vəzir Çəminzəminli atamın dayısı oğludur. Ata nənəm Telli Vəzirovlardandır. Yusif Vəzir böyük adam idi. Cumhuriyyət dövründə Türkiyədə səfir olmuşdu…
Əmilərim Ağalar bəy və Bahadur bəydən fərqli olaraq atam Sadıq bəyi represiya illərində sürgün etmişdilər. Sürgündən qayıdandan sonra ikinci dəfə də sürgün təhlükəsi yarananda Üzeyir bəy Mircəfər Bağırova müraciət edib. Onunla da məsələ həll olunub. Atam Sadıq bəy Yasamal rayonunda 28 il baş mühasib işləyib. Bir qohumum da Almaniyada oxuyub gəldiyindən ona “nemes” Ələkbər deyərdilər…
O dövrdə çox insanları Üzeyir bəy sürgündən xilas etmişdi…
Göründüyü kimi, yaxşı işlər, xeyirxah əməllər hec vaxt unudulmur. Hər zaman xatırlanır və qiymət verilir…
Ağdamın tək bir əsilzadə bəy nəslindən onlarca ziyalı çıxıb. Bu ziyalıarın hər biri Ağdama deyil, Qarabağa deyil, bütün Azərbaycana məxsus olan insanlardır…
İyirmi ildir de-fakto Ağdamsız, Qarabağsız qalan Azərbaycanın bu gun belə ziyalılara çox ehtiyacı vardır.