ABŞ erməni diasporuna görə Türkiyədən heç vaxt imtina etməyəcək. Bunu Trend-ə Türkiyənin xarici siyasət üzrə eksperti Məhəmməd Zahid Gül deyib.
Onun sözlərinə görə, ABŞ-ın Ermənistan və Türkiyə ilə əlaqələrini müqayisə etsək, Ankara ilə münasibətlərin hansı səviyyədə olduğunu görmək olar.
M.Z.Gül qeyd edib ki, hazırda Ermənistan iqtisadiyyatı acınacaqlı vəziyyətdədir: “ABŞ-da bəzi dairələr Vaşinqtonun Ankara ilə münasibətlərinin pisləşməsində maraqlı olsalar da, bu baş vermədi”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bəyan etmişdi ki, ABŞ Prezidenti Barak Obamadan 1915-ci il hadisələrinə görə “soyqırım” sözünü işlətməsini gözləmir.
Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Ermənilərin təbliğatı nəticəsində bir sıra ölkələrin parlamentləri qondarma “soyqırım”ı tanıyıblar.