Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında keçirilən diskussiyalar silsiləsi davam edir.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, növbəti diskussiya “Milli-mənəvi dəyərlərin təcəssümü olan daş kitabələr: dini-tarixi abidələr” mövzusuna həsr olunub. Diskussiyada Aİİ-nin kafedra müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov, institutun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, tarix elmləri doktoru Qafar Cəbiyev, Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov, sənətşünaslıq üzrə elmlər doktoru memar Elçin Əliyev iştirak ediblər. Tədbiri Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev idarə edib.
Abidələrin xalqımızın milli-mənəvi zənginliyini yaşadan tarixi miras olduğunu vurğulayan diskussiya iştirakçıları ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə dini-tarixi abidələrə diqqətin artırıldığını bildiriblər. Qeyd olunub ki, ölkəmizdə dini-tarixi abidələrin bərpası və inşasına məhz bu dövrdə başlanılıb. Ümummilli Lider tərəfindən başladılan bu siyasətin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurla davam etdirdiyini bildirən tədqiqatçılar qısa vaxtda bir çox məscid, ziyarətgah və məbədlərin təmir və ya inşa olunduğunu nəzərə çatdırıblar. Vurğulanıb ki, sovet dövründə Azərbaycanda 17 məscid fəaliyyət göstərirdisə, hazırda ölkəmizdə 2 mindən artıq məscid mövcuddur.
Diskussiyada işğal altında olan abidələrimizdən bəhs edilib. Məruzəçilər bu ərazilərdə məscidlərimizin dağıdılmış vəziyyətdə olduğunu bildirərək, ermənilərin buradakı Alban Apostol məbədlərin erməni-qriqorian kilsəsinin memarlıq üslubuna uyğunlaşdıraraq, tarixi saxtalaşdırmağa çalışdıqlarını deyiblər. Vurğulanıb ki, əsrlərin sınağından keçmiş, təbii təsirlərə məruz qalmış və nəticədə qəza vəziyyətinə düşmüş bəzi tarixi mədəniyyət abidələrində təxirəsalınmaz təmir işləri aparılmalıdır. Çıxışlarda bu məqsədlə daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, istifadəsi, idarə olunması, öyrənilməsi sahəsində qabaqcıl və mütərəqqi təcrübənin tətbiqinin vacibliyi bildirilib.
Tədbir Azərbaycanda mövcud olan ən qədim Şamaxı Cümə məscidi, İçərişəhər tarixi memarlıq abidələri, Atəşgah məbədi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Qax rayonundakı Kürmük məbədi haqqında müzakirələrlə davam edib.