Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Abdulla Şaiqin sözlərinə bəstələnən musiqi əsərləri” kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, kitab Abdulla Şaiqin 130 illik yubiley tədbirləri silsiləsindən çap olunub. Kitab Abdulla Şaiqin Mənzil Muzeyi tərəfindən bəstəkar Rəşid Şəfəq tərəfindən tərtib edilib.
Təqdimat mərasiminə Azərbaycan Bəstəkarlar İttifaqının məsul şəxsləri, Bakı Musiqi Akademiyasının, Üzeyir Hacıbəyli, Bülbül, Hüseyn Cavid, Leopold və Mstislav Rostropoviçlərin ev muzeylərinin əməkdaşları iştirak ediblər.
Tədbirdə muzeyin direktoru Alla Bayramova çıxışında bildirib ki, tədbirin keçirilməsində məqsəd qüdrətli ədibimiz, Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqi bir daha yad etmək, yaradıcılığının az tanınan, öyrənilməyən sahələrini təbliğ etmək, bu yöndə fəaliyyət göstərən Mənzil Muzeyinin işini təqdim etməkdir.
Tədbirdə həmçinin A.Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadənin, bəstəkarlardan Oqtay Zülfüqarovun, Sevda İbrahimovanın, Rəşid Şəfəqin çıxışları olub. Konsert proqramında Üzeyir Hacıbəylinin, Səid Rüstəmovun, Əşrəf Abbasovun, Oqtay Zülfüqarovun, Elnarə Dadaşovanın, Zeynəb İsmayılzadənin Abdulla Şaiqin sözlərinə yazılan mahnıları ifa edilib.
Musiqi nömrələrini Opera və Balet Teatrının solisti Fəridə Məmmədova, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Filarmoniyasının solisti Xuraman Talıbzadə, ADMİU-nun müəllimi, müğənni Cavid Hüseyn, Oqtay Zülfüqarovun rəhbərliyi ilə Uşaq Filarmoniyası “Aysel” teatrının uşaqları, A.Zeynallı adına Musiqi Kollecinin, İncəsənət Gimnaziyasının tələbələri təqdim ediblər.
Qeyd edək ki, not kitabı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilib.