Ərəb Dövlətləri Liqası: Azərbaycanda bütün etnik qruplar çox rahat və təhlükəsiz yaşayır

Azərbaycan etnik qrupların birlikdə yaşaya bildiyi çox uğurlu modeldir.

Trend-in məlumatına görə, bunu Ərəb Dövlətləri Liqasının Mədəniyyətlərarası Dialoq Departamentinin direktoru Samiya Bibars VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Bakı Prosesi – İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri” adlı 3-cü plenar sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda bütün etnik qruplar çox rahat şəkildə və təhlükəsiz yaşayırlar.

S.Bibars qeyd edib ki, Bakı Prosesi qlobal platforma kimi mədəniyyətlərarası dialoqun davam etdirilməsinə imkan verir: “Bakı Prosesi adlanan platforma zorakılıq, terrorizm kimi çağırışlara qarşı çıxır. Bakı Prosesi dayanıqlı sülhün təminində rol oynayır”.

Liqa rəsmisi əlavə edib ki, Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verir: “Bakı Prosesi sülhə xidmət edir, mədəniyyətlərarası dialoqun aparılmasına rəhbərlik edən qurum kimi özünü göstərir”.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı Prosesi” təşəbbüsü irəli sürüldü. Bu təşəbbüs çərçivəsində 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransı, “Bakı Prosesi”nin davamlılığını təmin etmək məqsədilə isə 2009-cu il oktyabrın 13-15-də paytaxtımızda İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı keçirildi. Avropa konfransına 10 müsəlman ölkəsindən, İslam ölkələri nazirlər konfransına isə 10 Avropa ölkəsindən nümayəndələrin Azərbaycan tərəfindən dəvət edilməsi ilə dövlətimiz beynəlxalq tədbirlərin formatına yeni ənənələr gətirdi. Bunun davamı olaraq 2010-cu il sentyabrın 23-də BMT Baş Assambleyasının 65-ci sessiyasında Prezident İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü elan edildi.

Trend:

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO