Hüquqi cəhətdən “konslager” məhkəmədənkənar qaydada mülki sakinlərin kütləvi həbs yeridir. Adi azadlıqdan məhrumetmə yerlərindən fərqli olaraq “konslager” hərbi əməliyyatlar zamanı yaradılır və məhbusların islah olunması məqsədi daşımır. Bu düşərgələrin yaradılması məqsədləri fərqli ola bilər. Azərbaycanın işğal olunmuş əraziləri orada yaşayan sakinləri ilə birgə “konslager” anlayışına uyğun gəlir. Bunun əsas göstəriciləri statistika və xarici müşahidəçilərin məlumatlarıdır.
Əgər Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində mövcud olduğu müddətdə regionda 150 min erməni yaşayırdısa, işğaldan və azərbaycanlı əhalinin etnik təmizlənməsindən sonra orada 40-50 min erməni yaşayır.
Erməni terror təşkilatları və Ermənistan ordusu tərəfindən azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və kütləvi qırğın nəticəsində bir milyondan çox azərbaycanlı Ermənistandan və Qarabağdan qovulub. Bugünədək Qarabağın köklü əhalisi olan azərbaycanlıları xatırladan hər bir şey – məscidlər, evlər, qəbiristanlıqlar, yazılar planlı şəkildə məhv edilir.
Ağdam, Füzuli, Zəngilan, Şuşa, Xocalı və digər şəhərlərdə dağıntılara baxmaq kifayətdir ki, təcavüzkarın “Qarabağ xalqının öz müqəddəratını həll etmək” məqsədi güdmədiyi aydın olsun. Reallıq onu göstərir ki, “Qarabağ xalqı” adı altında Yerevan yalnız etnik erməniləri nəzərdə tutur. Bu xalq isə ilk fürsətdəcə Ermənistan tərəfindən böyük konslagerə çevrilmiş işğal olunmuş ərazilərdən qaçmaqla “öz müqəddəratını həll edir”.
Ermənistan Qarabağda işğal olunmuş ərazilərin diaspor üzvləri, Suriya qaçqınları ilə məskunlaşdırılması proqramını həyata keçirir. Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryanın sözlərinə görə, Yerevanın məsuliyyətsiz siyasəti Qarabağı Yaxın Şərqdən olan terrorçuların məskəninə çevirə bilər. Ölkədə yalan dövlət siyasəti səviyyəsinə yüksəldilib. Ədliyyə və polis orqanları açıq-aşkar qanunsuzluğun tərəfində dayanıb. Bunu Şuşa türməsində saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində uydurma cinayət işləri təsdiq edir.
Bütün nəqliyyat yolları və strateji istiqamətlər boyunca Ermənistan qoşunlarının hissələri yerləşdirilib, ön postlarda Ermənistandan olan çağırışçılar xidmət edir. Hətta Qarabağda polisin şəxsi heyəti də Ermənistandan göndərilir.
Ermənistan rəsmilərinin “Qarabağ xalqının özünütəyin hüququ” barədə gurultulu açıqlamaları dünya ictimai rəyinin aldadılması üçün istifadə olunan aşkar yalandır. Həqiqətdə Ermənistan hakimiyyəti istənilən yollarla Azərbaycan ərazilərinin ilhaqını qanuniləşdirməyə çalışır. Bu barədə ABŞ Dövlət Departamentində də danışırlar. ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz müsahibələrinin birində demişdi ki, Dağlıq Qarabağ probleminin nizamlanması işğal olunmuş ərazilərin bir qismi qaytarılmadan mümkün deyil:
“Mən birinci dəfə ölkəyə gələndə təəccüblənmişdim ki, ermənilərin böyük hissəsi işğal olunmuş ərazilərin qaytarılmasına qarşı çıxırlar”.
Ermənistan status-kvonun gələcəkdə işğal olunmuş ərazilərin statusunun leqallaşdırılmasına gətirib çıxaracağı ümidi ilə və Qarabağ “konslageri”nin sakinlərini girova çevirməklə danışıqlar prosesini uzadır. Sual ondadır ki, Ermənistana “Qarabağ ermənilərinin öz müqəddəratını həll etmək” lazımdırmı?
Bizə “Twitter” və “Facebook”da qoşulun: https://twitter.com/BakuNetwork
https://www.facebook.com/BakuNetwork
Youtube : https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtmg
Elkhan Alasgarov, PhD
Head of Baku Network
Phone: (+994 12) 465 99 42, mob (+994 51) 515 02 15
Website: http://bakunetwork.com
Email: [email protected]
Trend: