Azərbaycanın Mətbuat Şurası 2009-cu ildə görülən işlərlə bağlı hesabat hazırlayıb.
“Reket qəzet”lərlə bağlı ötən il apardığımız mübarizənin uğurlu olduğunu düşünürəm”, – bazar ertəsi Trend News-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Amaşovun sözlərinə görə, 2009-cu ildə Şuranın Şikayətlər Komissiyası 500-ə yaxın müraciətlə bağlı araşdırma aparıb.
“Daxil olan şikayətlərdə daha çox ayrı-ayrı qəzetlərdə şərəf və ləyaqətin alçaldıllmasına yol verildiyi, şantaj yolu ilə aryı-ayrı vəzifəli şəxslərdən rüşvət tələb olunması faktları öz əksini tapırdı. Komissiyanın hərtərəfli araşdırmaları nəticəsində ötən il yüzə yaxın qəzetın adı “reket” siyahısına salınıb”, – o xatırladıb.
Şura sədri deyib ki, ötən il jurnalistlərin peşə davranışları ilə də bağlı şikayətlər üstünlük təşkil edib.
“Biz 2009-cu ildə “Diffamasiya haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı ilkin müzakirələr aparmışıq. Avropa Şurasının Bakı ofisi ilə bu istiqamətdə bir neçə layihə həyata keçirmişik. Diffamasiya ilə bağlı müxtəlif dövlət müəssisələrində sorğular da aparılıb”, – Amaşov əlavə edib.
Şura sədri 2009-cu ildə mətbuatın iqtisadi durumunun yaxşılaşdırılması, söz və mətbuat azadlığı sahəsində də bir sıra işlər görüldüyünü bildirib.
2010-cu ildə görüləcək işlərə gəldikdə, Amaşov deyib ki, diffamasiya ilə bağlı qanunvericilik bazasının hazırlanması və Milli Məclisdə müzakirəyə çıxarılması istiqamətində daha ciddi layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
“Bu il mətbuatın iqtisadi durumunun yaxşılaşdırılması, kütləvi informasiya vasitələrinin reklamla təminatı, jurnalistlərin ixtisaslarının artırılmasına xüsusi diqqət ayıracağıq”, – Şura sədri xatırladıb.
Amaşov qeyd edib ki, Şuranın qarşısında duran prioritet məsələlərdən biri də vətəndaşlarla jurnalistlər arasında münasibətlərin tənzimlənməsidir. “Biz “reket” elan olunan qəzetlərin bir neçəsinin Şuranın Şikayətlər Komissiyasının qərarı ilə bağlı məhkəmələrə müraciət etməsini normal qarşılayırıq. Bu, sivil bir addımdır və hər bir qəzetin rəhbərliyinin hüququdur. Amma həmin qəzetlərin səhifələrində Şuranın hər hansı üzvünə qarşı etikadan kənar ifadələr işlədilməsi ilə razılaşmırıq”, – Amaşov vurğulayıb.
O, “reket” qəzetlərlə bağlı çıxarılan qərarları hər zaman müdafiə etməyə hazır olduqlarını bildirib. “Biz qərarlarımızı ictimai qınaqlara əsaslanaraq çıxarırıq. Məqsədimiz həmin qəzetləri və ayrı-ayrı jurnalistləri səhv yoldan çəkindirməkdir. Bu siyahıda adıçəkilən hər hansı qəzetdə şura üzvlərinin şərəf və ləyaqətinin alçaldılmasına yol veriləcəksə, biz hüquqlarımızı qorumaq üçün bütün imkanlardan istifadə edəcəyik”, – Amaşov qeyd edib.
Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20-i informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.