Nəsimi Rayon Məhkəməsi jurnalist Arzu Abdullanın jurnalist təşkilatlarına qarşı iddiasını rədd edib. Məlumatı “Media forum”a A.Abdullanın vəkili Elçin Namazov verib.
2009-cu ildə “Yeni Nəsil” Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Demokratik Jurnalistlər Liqasının təsisçilik etdiyi “Media açarı” müsabiqəsinə qatılaraq fərqləndirici mükafat alan jurnalist Arzu Abdulla ona əvvəlcədən elan olunmuş 200 manat əvəzində 85 manat verilməsindən narazı qalaraq məhkəməyə üz tutub. O, “Yeni Nəsil” Jurnalistlər Birliyinin hərəkətinin qanunsuz hesab edilməsini, fərqləndirici mükafata layiq görüldüyü üçün ayrılmış 200 manatın tam həcmdə ödənməsini, həmçinin dəymiş mənəvi zərərə görə “Yeni Nəsil”in 10 min manat ödəməsini tələb edib.
Məhkəmə iddiaçının vəsatəti əsasında mükafatın digər təsisçilərini – Demokratik Jurnalistlər Liqasını və Azərbaycan Jurnalistlər Birliyini də cavabdeh qismində məhkəməyə cəlb edib. Qaldırılan bu vəsatətdə iddiaçı dəymiş mənəvi zərərə görə istədiyi 10 min manat təzminatın makafatın təsisçiləri arasında bölüşdürülməsi məsələsini qoyub.
Demokratik Jurnalistlər Liqasının və Azərbaycan Jurnalistlər Birliyinin nümayəndəsi Habil İsgəndərovun “Media forum” saytına verdiyi məlumata görə, bu gün keçirilən prosesdə çıxış edərək iddianın əsassız olduğunu deyib. H.İsgəndərov məhkəmənin haqlı qərar çıxardığını vurğulayıb: “Bu iddianın heç bir əsası olmayıb”.
«Media forum»