20 Yanvar faciəsinin iştirakçıları beynəlxalq məhkəmələrdə cəzalandırılmalıdır – Azərbaycanın hakim partiyası
Azərbaycanın hakim partiyası hesab edir ki, 20 Yanvar faciəsinin iştirakçıları beynəlxalq məhkəmələrdə cəzalandırılmalıdır.
“Azərbaycanda azadlıq uğrunda şəhidlərin qanını tökən şəxslər milliyətindən, yaşından, haradan yaşamasından asılı olmayaraq beynəlxalq məhkəmələrdə cəzalandırılmalıdır”, – Trend News-un məlumatına görə, bunu bazar ertəsi Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar faciəsinin 20 illiyinə həsr edilən konfransda Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.
Trend News-un arayışı: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan etmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Faciə zamanı 132 insan öldürülüb, onlardan 117-si azərbaycanlıdır. 744 adam ağır xəsarət alıb, 4 nəfər itkin düşüb, 400 nəfər həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra daha 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda (Neftçala, Lənkəran) 26 nəfər qətlə yetirilib.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi, Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.
Məhz bunun nəticəsində, uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın Qan Yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir.
Qurbanlı bildirib ki, Azərbaycan hökuməti 20 Yanvar faciəsinin iştirakçılarının cəzalandırılması istiqamətində iş aparır.
“Ümid edirik ki, ikili standartlar aradan qalxacaq və Azərbaycan 20 Yanvar faciəsinin iştirakçılarının cəzalandırılmasına nail olacaq”, – Qurbanlı əlavə edib.