Söz Azadlığını Müdafiə Fondunun (SAMF) kollektivi kütləvi informasiya vasitələri ilə işini informasiyalı cəmiyyətlərin müasir standartlarına daha münasib şəkildə quran dövlət qurumları mətbuat xidmətlərinin mükafatlandırılması prosesini reallaşdırmaq üçün sorğular keçirməyə başlayıb.
Sorğular daşıdığı vəzifəsindən asılı olmayaraq KİV-lərdə çalışan 500 media təmsilçisi arasında keçiriləcək. Sorğunun nəticəsindən asılı olaraq mükafatların sahibləri müəyyənləşəcək və fondun reallaşdıracağı təqdimetmə mərasimində onlara təqdim ediləcək.
Yeri gəlmişkən, bu mükafatlandırılma SAMF-ın ötən il noyabr ayının 25-də “KİV və mətbuat xidmətləri: Mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri” adi ilə başladığı layihələr çərçivəsində həyata keçirilir. Ənənəvi olaraq media mənsublarının deyil, mətbuat xidməti rəhbərlərinin mükafatlandırılmasından məqsədsə həm üzərinə düşən bu həssas və məsuliyyətli vəzifəni hüquqi, demokratik dövlət idarəçiliyi prizmasından yerinə yetirən xidmət rəhbərlərinin adlarını geniş ictimaiyyətə açıqlamaq, həm də mətbuat xidməti institututları əməkdaşlarının öz işlərinə daha tələbkar yanaşmalarına, eləcə də jurnalistlərin peşə fəaliyyəti zamanı üzləşdikləri əsassız maneələrin aradan qaldırılmasına yardımçı olmaqdır.
SAMF kollektivi həmçinin KİV təmsilçilərindən sorğuları cavablandırarkən obyektiv olmağı, mətbuat xidmətləri qurumları ilə bağlı real durumun aydınlaşdırılmasında fonda mümkün köməkliklərini əsirgəməmələrini xahiş edib.
SAMF 05.01.2010