Noyabrın 20-də Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, Şura sədrinin müavini Umud Rəhimoğlunun rəhbərliyi ilə düzənlənən tədbirdə 4 məsələ ətrafında müzakirə aparılıb.
Əvvəlcə H.Qasımov adına1 saylı Doğum Evinin mama-ginekoloqu Arzu Əliyevanın «Mozalan» jurnalı ilə bağlı şikayətinə baxılıb. Komissiya nəşrin 2009-cu ilin oktyabr ayındakı sayında həmin tibb işçisi barədə gedən mətni, təsviri, həmçinin seçilən metodu «reket jurnalistika»ya xas üsul kimi dəyərləndirib. Belə qənaətə gəlinib ki, «Mozalan»da etik prinsiplərə sayğısızlığı şərtləndirən cəhətlər sırasında burada əməkdaşlığa Şuranın ciddi ölçü götürdüyü KİV-lərin rəhbərlərinin cəlb olunması da əsas yer tutur. İstər mövcud xüsusiyyət, istərsə də şikayət doğuran materialdakı konkret motivlər jurnala xəbərdarlıq edilməsini aktuallaşdırmaqdadır. İclasda nəşrin fəaliyyətinin Şuranın «Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən də araşdırılması, yekunda məsələnin MŞ İdarə Heyətində müzakirəsi qərara alınıb.
Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının «Zirvə» qəzeti ilə bağlı müraciətinin müzakirəsi də qəzetə xəbərdarlıq olunması barədə rəyin qəbulu ilə yekunlaşıb. Komissiya bu rəyə nəşrin son sayındakı çoxsaylı dil, üslub xətalarını, 50-yə yaxın «anons»un verilməsi, əksər yazıların etik prinsiplərə aşkar sayğısızılıqla təqdimatını nəzərə alaraq gəlib.
Bakı şəhər sakini Aygün Mirzəyeva Şuraya müraciətində göstərib ki, «Son söz» qəzetinin rəhbərliyi vəzifə səlahiyyətini aşaraq əslən pakistanlı, Qarabağ döyüşlərinin iştirakçısı olan, hazırda Azərbaycan vətəndaşlığını daşıyan həyat yoldaşını şantaj etməkdədir. Məsələnin müzakirəsinə qatılan qəzet təmsilçisi iddia ilə razılaşmasa da, onun nəzərinə çatdırılıb ki, hər hansı təsisçi və baş redaktorun münaqişədə olduğu tərəflə münasibətlərin aydınlaşdırılmasında istər rəhbərlik etdiyi KİV-dən, istərsə də digər media orqanlarından şantaj vasitəsi kimi istifadəsi yolverilməzdir. Qəzetə xəbərdarlıq olunması barədə rəy çıxaran komissiya nəşrin fəaliyyəti ilə bağlı bir sıra məqamlarla bağlı KİV-ə Şuranın Katibliyi adından sorğu ünvanlanmasını məqsədəmüvafiq sayıb.
«Sağlam xəbər» qəzetinin baş redaktoru nəşrin şikayətçi – tibb elmləri doktoru, professor E.Abasov tərəfindən məhkəməyə verilməsi barədə sənədi komissiyaya təqdim etdiyindən prosedur qaydalara uyğun olaraq məsələ gündəlikdən çıxarılıb.