Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, şura sədrinin müavini Umud Rəhimoğlu komissiya üzvlərinə gündəlikdə duran məsələlər barədə məlumat verib. İlk olaraq millət vəkili Nazim Məmmədovun «Yeni Müsavat» qəzeti ilə bağlı müraciətinə baxılıb. Komissiya rəyə gəlib ki, qəzetin şikayət doğuran materiallarında «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın bir sıra prinsip və bəndləri pozulub. Komissiya nəşrə bu kimi mövzuların təqdimatı zamanı ifadə seçiminə həssas yanaşmağı tövsiyə edib. Həmçinin «Yeni Müsavat»ın təkzib verməsini vacib sayıb.
İclasda «Gündəlik Bakı» qəzeti ilə bağlı 2 şikayətə baxılması nəzərdə tutulsa da, bunlardan biri Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi təmsilçisinin müzakirəyə qatılmaması səbəbindən baş tutmayıb. Mövcud prosedur qaydaya əməl olunmadığından məsələ gündəlikdən çıxarılıb. Şikayətlər üzrə Komissiya eyni səbəbdən «Bank Respublika» ASC-nin «Hakimiyyət» qəzetinə qarşı şikayətinə də baxmayıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Gündəlik Bakı» qəzeti ilə bağlı müraciəti tərəflər arasında anlaşma əldə olunması ilə yekunlaşıb. Komissiya bunu nəzərə almaqla yanaşı nəşrdə nazirlik barəsində gedən yazılarda etik prinsiplərin dəfələrlə pozulduğunu qəzet rəhbərliyinin diqqətinə çatdırıb.
Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqları Respublika Komitəsinin «Təzadlar» qəzeti ilə əlaqədar şikayətinin müzakirəsi zamanı nəşrin baş redaktoru Asif Mərzili «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən cavabdehliyi materialı hazırlayan Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin daşıdığını bildirib. «Təzadlar» qəzetinin baş redaktoru A. Mərzili məsələ ilə bağlı təkzib verməyə hazır olduğunu deyib.