“Media forum” saytı 2010-cu ilin dövlət büdcəsindən KİV-lərə və media qurumlarına ayrılması nəzərdə tutulan vəsaitin ümumi həcmini hesablayıb: 45 milyon 335 min 729 manat.
Sayt xəbər verir ki, dövlət büdcəsi layihəsində bu vəsait belə bölüşdürülüb:
– Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) – 3 milyon 390 min 141 manat;
– Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyəti – 30 milyon 103 min 665 manat;
– “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Milli Nümayəndəliyi – 495 min 312 manat;
– İctimai Televiziya və Radio Şirkəti – 8 milyon 25 min 600 manat;
– “Azərbaycan” nəşriyyatı – 601 min 920 manat;
– Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondu – 2 milyon 19 min 943 manat;
– Milli Televiziya və Radio Şurası – 699 min 148 manat.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Media forum”a açıqlamasında bölgüyə münasibət bildirərkən deyib ki, burda prinsipial olaraq bir ədalətsizlik mövcuddur: “Həmin qurumlar vergi ödəyiciləri hesabına maliyyələşir. Ancaq əhalinin yarıdan çoxu, məsələn, yerli telekanallara baxmır. Vergi ödəyicilərinin pulu ilə maliyyələşən KİV-in xidmətindən istifadə olunmursa, onda onlara ayrılan vəsait ədalətli sayıla bilməz. Əgər televiziyaların fəaliyyəti vergi ödəyicilərinin zövqünə uyğun deyilsə, onda onlar nə üçün maliyyələşdirilməlidir? Telekanallar onlara ayrılan vəsaitə layiq məhsul ortaya qoyurmu? Xeyr. Bəs onda niyə bu pul onlara verilməlidir?! Yəni büdcə vəsaitinin bölüşdürülməsinə əslində bu prizmadan yanaşılmalıdır”.
«Media forum»