Azərbaycan Avropa İttifaqından (Aİ) bərabərhüquqlu münasibət, qarşılıqlı hörmət gözləyir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
O, qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə ən sıx əməkdaşlıq edən ölkələrdən birincisidir: “Bundan əvvəl bizə təklif edilən assosiasiya sazişinin mətnini dəstəkləmədik. Bizə assosiasiya sazişi təklif edirlər, lakin ərazi bütövlüyümüzü tanıdıqlarını qeyd etmirlər”.
N.Məmmədovun sözlərinə görə, Azərbaycanın istəyi odur ki, Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalansın: “Azərbaycan Avropanın 8 mühüm dövləti ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqından bərabərhüquqlu münasibət, qarşılıqlı hörmət gözləyirik. Bu şərtlərə əməl olunacaqsa, təklif edilən sənəddə ərazi bütövlüyümüz də qeyd olunacaqsa, bu sənədin imzalanmasına razılıq verəcəyik”.