“Təəssüf ki, bəzi dövlətlər, o cümlədən bəzi təşkilatlar Azərbaycanda mövcud olan tolerantlığa, ictimai-siyasi sabitliyə qısqanclıqla yanaşırlar”. Trend-in məlumatına görə, bunu bir neçə gün öncə Sabunçu rayonunda radikal dindarların ictimai sabitliyi pozmaq cəhdinə münasibət bildirərkən jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.
Z.Əsgərov qeyd edib ki, Azərbaycan tolerant ölkədir, ölkəmizdə müxtəlif dini konfessiyalar fəaliyyət göstərirlər: “Biz hər bir halda radikalizmin əleyhinəyik. Azərbaycanda oturuşmuş dini ənənələr var və Azərbaycan xalqı bu ənənələrə həmişə sadiqdir”.
Z.Əsgərov deyib ki, Azərbaycanda kim din pərdəsi altında radikal addımlar atacaqsa, təbii ki, cəzalanacaqlar: “Azərbaycan dövləti heç bir halda imkan verə bilməz ki, Azərbaycanda mövcud olan bu sabitlik pozulsun. Təəssüf ki, bəziləri gedib xaricdə guya din təhsili alırlar, amma əslində din pərdəsi altında dindən başqa onlara hər şey öyrədirlər. Hesab edirəm ki, narahatçlılıq üçün heç bir əsas yoxdur. Belə halların qarşısı indiyə qədər alınıb və bundan sonra da alınacaq”.