Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti il üçün əmək bazarı üzrə proqnozları açıqlayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Trend-ə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri kimi, ölkədə iqtisadi şaxələndirmənin uğurla təmin olunması, qeyri-neft sektorunun iqtisadiyyatda çəkisinin sürətlə artması, sahibkarlığın inkişafının dəstəklənməsi, o cümlədən kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi yönündə həyata keçirilən mühüm tədbirlər əmək bazarında müsbət meyillərin də sürətlənməsini stimullaşdırır.
E.Babayev qeyd edib ki, qeyd olunan faktorlar 2016-cı ildə də yeni iş yerlərinin yaradılması prosesinin uğurla davam edəcəyini, bunun nəticəsində məşğulluq səviyyəsinin artacağını, əmək ehtiyatlarından istifadənin daha da genişlənəcəyini qeyd etməyə əsas verir: “2016-ci ildə ölkədə həyata keçirilməsi nəzərdə tutulmuş yeni infrastruktur layihələrinin icrası, planlaşdırılan istehsal sahələrinin, xidmət obyektlərinin tikintisi işləri, dövlət tərəfindən sahibkarlara verilən güzəştli kreditlər hesabına yeni yaradılacaq iş yerləri işaxtaran vətəndaşların iş yerləri ilə təmin olunmasına imkan verəcək. Digər tərəfdən, əmək bazarının iştirakçıları arasında gəncləşmə meyillərinin artması, gənc mütəxəssislərin məşğul əhali sıralarına daxil olması prosesinin sürətlənməsi gözlənilir. Ölkədə istehsal sahəsində dünya standartlarına uyğun texnologiyaların tətbiqi istehsal olunan məhsulların keyfiyyət göstəricilərinin yüksəlməsi ilə yanaşı, əmək bazarında işçi qüvvəsinin peşəkarlıq səviyyəsinin artması ilə də müşahidə olunacaq”.
E.Babayev deyib ki, informasiya kommunikasiya texnologiyalarının tətbiqinin genişlənməsi də gələn il bu sahələr üzrə əmək bazarında işçi qüvvəsinə tələbin artmasına səbəb olacaq: “Həmçinin, həyata keçirilən tədbirlər nəticəsində qadınların, sosial cəhətdən həssas qruplardan olan vətəndaşların əmək bazarında iştirak imkanlarının artması da gözlənilir”.
Nazirlik rəsmisi ümumilikdə 2016-cı ildə ölkəmizin əmək bazarında sabit vəziyyətin davam edəcəyinin proqnozlaşdırıldığını açıqlayıb.