Məhkəmə-tibbi ekspertiza mərhum jurnalist Rasim Əliyevin döyülmə nəticəsində öldüyünü təsdiqləyib.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Şakir Musayev deyib.
Ş.Musayev qeyd edib: “Mərhumun üzərində çoxsaylı xəsarətlər olub. Onlar yüksək travmalar, ağır xəsarətlər olub”.
O bildirib ki, ekspertiza iki mərhələli aparılıb: “Ekspertiza zamanı həm meyitin ekspertizası aparılıb, həm də mərhuma göstərilən tibbi yardım araşdırılıb. Mərhuma tibbi yardımın göstərilməsi ilə bağlı araşdırma Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssislərindən ibarət xüsusi komissiyası tərəfindən aparılıb”.
Ş.Musayev deyib ki, artıq məhkəmə-tibbi ekspertizanın nəticələri hüquq-mühafizə orqanlarına təqdim edilib: “İstintaq sirri olduğundan ekspertizanın nəticələri tam olaraq açıqlanmır”.
Qeyd edək ki, Bakı şəhər sakini R.Əliyev avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmiş və aldığı xəsarətlərdən orada dünyasını dəyişmişdi.