MTRŞ teleradio jurnalistləri üçün treninq kurslarının keçirilməsinə başlayıb

Milli Televiziya və Radio Şurası (MTRŞ) bu gündən “Teleradio jurnalistlərinin peşəkarlıq səviyyəsinin artırılması” mövzusunda treninq kursların keçirilməsinə başlayıb. SİA-nın xəbərinə görə, dekabrın 12-dək davam edəcək treninq kurslarının keçirilməsində əsas məqsəd jurnalistlərin peşəkarlıq səviyyəsini artırmaq, milli–televiziya yayım sahəsində verilişlərin yayım keyfiyyətinin artırılmasıdır.

Bu gün keçirilən “Teleradio yayımına dair qanunvericiliyin tələbləri və yayımçıların proqram siyasəti” mövzulu treninq kursunda Nuşirəvan Məhərrəmli, Rizvan Cəbiyev, Ələsgər Məmmədli trener qismində iştirak edib. Kursa ümumrespublika televiziya yayımçılarının proqram siyasəti üzrə məsul şəxsləri və I aparıcı regional televiziya yayımçılarının proqram siyasəti üzrə məsul şəxsləri qatılıblar.

Tədbirdə çıxış edən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, treninq kursları Elektron Media Yayım Fondu və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə ilə təşkil olunub. Onun sözlərinə görə, teleradioda peşəkarlığı artırmaq cəmiyyətin digər sahələrinə nisbətən daha vacibdir.

Bu sahədə mövcud vəziyyətin acınacaqlı olduğunu deyən MTRŞ sədri vurğulayıb ki, hər birimiz öz üzərimizə düşən işi görməliyik. Hazırda kanallarda keyfiyyətin aşağı olduğunu deyən N.Məhərrəmli söyləyib ki, verilişlərdə milli-mənəvi dəyərlərlə bağlı, dövlətin ərazi bütövlüyünə qəsd etmək, milli zorakılığı, qəddarlığı, milli sosial, irqi ədavəti təbliğ etmək, uşaqlarla bağlı və digər bu kimi məsələlərdə MTRŞ-nın mövqeyi sərtdir.

Televiziyalardakı aparıcıların səviyyəsinə münasibət bildirən N.Məhərrəmli hər bir televiziya aparıcısının 5-10 gündən sonra tanındığını və onun fikirlərinin örnək olduğunu bildirib. “Bu fikirlər yanlışdır. Adi davranışı efirə gətirmək, verilişlərdə həyatın bütün eybəcərliklərini göstərmək lazım deyil. Aparıcılar onlara verilən imkanda məsuliyyət hissini kənara atırlar. Hər bir verilişdə mövcud reallıqları, ölkənin qanunları, mentaliteti nəzərə alınmalıdır. Televiziyada bütün verilişlər, tok-şoular müğənnilər üzərində qurulur. Kanallar reklam reytinq gətirmək üçün bu vasitələrə əl atırlar. Aparıcılar evdə, ailələrində deyə bilmədikləri sözləri, ifadələri efirdə işlətməsinlər. Bəzən verilişlər sponsoru sadalamaqla məşğul olur. Sponsor veriliş üçün lazımdır, amma bunu verilişin əvvəli və sonunda demək lazımdır. İnsan ilk növbədə özünə hörmət etməli, verilən pula görə özünü alçaltmamalıdır. Reklamçılar televiziyaya diktə etməməlidir”, – deyə o əlavə edib.

Yetkinlik yaşına çatmayan uşaqlarla bağlı 2006-cı ildə yeni qaydalar yaradıldığını deyən MTRŞ sədri qeyd edib ki, bu qaydalara əsasən televiziya kanallarında axşam saat 23:00-dək bəzi verilişlərin göstərilməsi qadağandır. Onun sözlərinə görə, bunlara əsas sujet xətti qəddarlıq üzərində qurulan filmlər, qorxulu, dəhşətli filmlər, insan psixikasına təsir edən əməliyyatlar, gipnoz səhnəsinin təsviri, kriminal fəaliyyəti özündə əks etdirən təsvirlər, ölmüş və ya öldürülmüş insan cəsədinin göstərilməsi, həmçinin erotik film və proqramlar, ədəbsiz söz, ifadə və hərəkətlərdən istifadə olunan verilişlər daxildir.

Treninqin davamında jurnalist Ələsgər Məmmədli “Teleradio proqramlarına verilən tələblər” mövzusunda məruzə ilə çıxış edib. Kursun sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və müxtəlif mövzular ətrafında birgə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, treninqlər dekabrın 12-dək həftədə 1 dəfə təşkil olunacaq. Kurslarda trener kimi Cahangir Məmmədli, Ələsgər Məmmədli, Qulu Məhərrəmli, Rizvan Cəbiyev, Sabir Ələsgərov iştirak edəcək. Kurslar “Teleradio yayımına dair qanunvericiliyin tələbləri və yayımçıların proqram siyasəti”, “Milli-mənəvi dəyərlərin qorunması və tətbiqi sahəsində teleradio yayımçıları qarşısında duran vəzifələr”, “Şou proqram-şou problemlər”, “Aparıcıların peşəkarlıq səviyyəsinin artırılması”, “”Radio yayımçılarının proqram siyasəti” mövzusunda aparılacaq.

SİA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO