Ombudsman Aparatı Mərkəzi Seçki Komissiyası ilə birgə sonuncu ictimai dinləməni Bakıda keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası (MSK) ilə birgə keçirdiyi silsilə regional ictimai dinləmələrin sonuncusu Bakıda təşkil edilib.

AZƏRTAC xəbər verir ki, ictimai dinləmədə Milli Məclisin deputatları, Bakının 11 rayonunun, habelə Sumqayıt şəhəri və Abşeron rayonunun icra hakimiyyətlərinin, məhkəmələrin, daxili işlər və prokurorluq orqanlarının rəhbərliyi, bələdiyyələrin, dairə seçki komissiyalarının, qeyri-hökumət təşkilatlarının, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər.

Ombudsman Elmira Süleymanova ictimai dinləmədə çıxış edərək ölkəmizdə insan hüquqlarının təmini və MFP-nin icrası istiqamətində görülən işlər barədə məlumat verib. O, həmçinin MFP ilə bağlı müvafiq tədbirlər planının qəbul olunduğunu söyləyib, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, onların həllinə yönəlmiş tədbirlər haqqında danışıb. Müvəkkil diqqəti Azərbaycanda seçki təcrübəsinin təkmilləşdirilməsi məsələlərinə yönəldib.

Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə Milli Fəaliyyət Proqramının icrası ilə bağlı respublikanın şəhər və rayonlarının müvafiq qurumlarında tədbirlər planının hazırlandığını və həyata keçirildiyini diqqətə çatdırıb.

İnteraktiv müzakirələr nəticəsində uğurlarla yanaşı, bəzi çatışmazlıqların da olduğu bildirilib. Ombudsman bu problemləri diqqətdə saxlayacağını, səlahiyyətləri çərçivəsində tədbirlər görəcəyini və müvafiq dövlət orqanlarına müraciət edəcəyini deyib.

Müvəkkil artıq respublikanın 56 şəhər və rayonunu əhatə etməklə interaktiv müzakirələr tərzində regional ictimai dinləmələrin keçirildiyini, ölkə əhalisinin bu proqramı dəstəklədiyini, qarşıya qoyulmuş vəzifələrin müzakirəsinə və həyata keçirilməsinə böyük ictimai fəallıqla qatıldığını vurğulayıb.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı regionlarda keçirilən tədbirlər haqqında məlumat verib. Bildirib ki, Ombudsman Aparatı Mərkəzi Seçki Komissiyası ilə birgə beş regionda – Şəki, Gəncə, Bərdə, Cəlilabad və Qubada ətraf rayonların əhalisinin fəal iştirakı ilə dinləmələr keçirib.

Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Faiq Bəşirov təmsil etdiyi qurumun fəaliyyəti, Seçki Məcəlləsinin müvafiq müddəaları, seçki sistemi, səsvermə qaydaları, müşahidəçilik institutu və müşahidə aparılmasının prinsipləri, müşahidəçilərin hüquq və vəzifələri, seçki komissiyalarının üzvləri üçün maarifləndirmə tədbirləri və digər məsələlər haqqında məlumat verib.

Müzakirələr zamanı icra hakimiyyətlərinin nümayəndələri, dairə və məntəqə seçki komissiyalarının üzvləri, bələdiyyələrin təmsilçiləri çıxış edərək MFP-nin icrasının önəmli olduğunu, bu sənədin həyata keçirilməsini dəstəklədiklərini, müvafiq tədbirlər planlarına əsasən əhalinin bu prosesdə fəal iştirak etdiyini deyiblər. Onlar bu sahədə regionda aparılan işlər, seçkilərə hazırlıq, DSK və məntəqə seçki komissiyalarının, bələdiyyələrin fəaliyyəti, seçki məntəqələrinin texniki təchizatının vəziyyəti barədə məlumat verib, seçki hüquqları sahəsində maariflənmənin vacibliyini qeyd ediblər.

Tədbirin sonunda iştirakçılara Ombudsman Aparatı tərəfindən hazırlanmış maarifləndirici vəsaitlər paylanıb.

AZƏRTAC

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO