Strasburq, 1 oktyabr: Bu sessiya tamamilə Azərbaycanda qarşıdakı 1 noyabr parlament seçkilərinin seçki müşahidə missiyasını nəzərdən keçirmək yaxud təsdiqləmək təklifinə dair səsvermə vasitəsilə Büronun qəbul edəcəyi və plenar iclasda təsdiqlənməli olan qərarla xarakterizə olundu.
Digər mühüm hadisələrə EPP qrupunda AŞPA-nın gələcək sədrinin seçilməsi, Sosialistlərin yeni liderinin seçilməsi və son olaraq, Assambleyanın baş katibinin seçilməsi daxil idi.
AŞPA-nın iki komitəsində işğal edilmiş Dağlıq Qarabağa dair birbaşa bəyanatlar verildi və məruzələr elan edildi.
Olduqca gərgin və vacib həftənin xülasəsini xronoloji ardıcıllıqla təqdim edirik:
1) Bazar ertəsi, 28 sentyabr saat 08:00, Büro iclası, 7-ci bənd: Azərbaycanda 1 noyabr parlament seçkilərinin seçki müşahidəsi. “DTİHB-nin bu seçkiləri müşahidə etməmək barədə qərarı fonunda vəziyyəti nəzərdən keçirmək”.
Artıq üçüncü dəfə idi ki, sədr Ann Brassör və baş katib Saviçki Azərbaycana seçki müşahidə missiyasını “nəzərdən keçirilmək” üçün Büronun gündəliyinə daxil edirdi. Bir neçə həftədən bəri aydın idi ki, onlar beynəlxalq aləmdə Azərbaycanı gözdən salmaq və təcrid etmək məqsədilə bütün seçki müşahidə missiyalarını ləğv etmək niyyətində olan korporativ qüvvələrin bir hissəsidir.
Avropa Parlamenti, ATƏT/DTİHB və ATƏT Parlament Assambleyasının bütün seçki müşahidə missiyalarını ləğv etmək barədə qərarından sonra bu qurumların rəhbərləri Azərbaycanın tam təcrid edilməsi və qarşıdakı seçkilərin öz etibarlılığını tamamilə itirməsi məqsədilə AŞPA-nı da eyni addım atmağa çağırdı. Digər Avropa institutlarının da bu nümunəyə uyğun hərəkət etməsi üçün AŞPA-nın bütün aidiyyəti şəxslərinə böyük təzyiq göstərilirdi.
Məmurlardan ibarət ofis olan ATƏT/DTİHB bu çirkin geosiyasi oyunda başlıca rol oynayırdı. Heç bir seçilmiş nümayəndə onlara nəzarət etmir və onlar sırf xüsusi şəxsi siyasi proqrama malik ofisdir. Bu səbəbdən son illər DTİHB-nin bütün digər beynəlxalq təşkilatlarla xeyli münaqişəsi olmuşdu. Eyni zamanda bu dəfə ATƏT/DTİHB-nin Azərbaycan hakimiyyətinə etdiyi müraciətlər o dərəcədə absurd idi ki, belə qənaətə gəlmək olar ki, bu təkliflər qəbul edilmək üçün irəli sürülməmişdi. ATƏT-in direktoru Link müşahidə missiyasını ləğv etmək qərarı verdikdə (bu, çox tez baş verdi) bütün digər təşkilatlara da belə qərar vermələri üçün təzyiq göstərilməsinə yol açıldı. Əksər müşahidəçilər, şübhəsiz, AŞPA-nın DTİHB-nin mövqeyini təkrarlayacağını və beləliklə, 1 noyabr seçkilərində heç bir beynəlxalq təşkilatın iştirak etməyəcəyini gözləyirdi.
Bu, AŞPA Bürosunun Azərbaycana dair qərarının yüksək əhəmiyyətini izah edir. Büro üzvləri öz müstəqilliklərindən əl çəkib, DTİHB məmurları kimi hərəkət edəcək yaxud güclü mövqe nümayiş etdirib, öz təşkilatını müdafiə edəcək? Nəticə etibarilə, müdriklik üstün gəldi və Büroda baş tutan həlledici səsvermədə 17 səs lehinə, 10 səs əleyhinə olmaqla, qələbə əldə edildi, çünki həqiqətən də AŞPA-nın bu seçki müşahidə missiyasına haqq qazandıran bir çox arqumentlər vardı. Vurğulamaq istərdim ki, Sədarət Komitəsində də A. Qross istisna olmaqla, üzvlər seçki müşahidə missiyasının göndərilməsinə səs vermişlər.
Cənab Çuklanın (ALDE) rəhbərlik etdiyi AŞPA-nın seçkiqabağı missiyası da artıq eyni nəticəyə gəlib və bu, məruzəçilər cənab Konde (EPP) və cənab Tadeuş İvinski (SOC) tərəfindən bütün Büro üzvlərinə yaxşı izah edilib.
Bakıya sözügedən seçkiqabağı missiya zamanı (21-22 sentyabr) Avropa Şurası baş katibinin nümayəndəsi, Avropa Şurası Bakı ofisinin rəhbəri vurğuladı ki, 5 il əvvəl keçirilmiş son parlament seçkilərindən bəri irəliləyiş əldə edilib və ölkə təcrid edilməməlidir. Beləliklə, ofisin rəhbəri ATƏT/DTİHB-in daha əvvəlki mənfi qərarına baxmayaraq, qarşıdakı 1 noyabr parlament seçkilərində AŞPA SMM-nin güclü iştirakını təmin etməyə çağırdı.
Bütün qərb diplomatları, müstəqil müsahiblər də açıq-aydın eyni fikri səsləndirdi, belə ki, onlar da bir çox və müxtəlif səbəblərə görə AŞPA-nı Azərbaycana SMM-ni ləğv etməməyə çağırdı.
Daha vacib məqam o idi ki, Bakıda xeyli sayda yerli QHT-lər, insan hüquqları müdafiəçiləri və vətəndaş cəmiyyəti fəalları ilə dəyirmi masa zamanı bütün müsahiblər AŞPA-nın bu seçki müşahidə missiyasını göndərməsi barədə yekdil çağırış etdi.
Monitorinq Komitəsinin həmməruzəçiləri cənab Konde və cənab İvinski ən mühüm arqumenti vurğuladı: “monitorinq aparılan üzv dövlət”də seçkilərin müşahidəsi monitorinq prosedurunun rəsmi hissəsidir və bu, rədd edilə bilməz.
Çox illərdən sonra AŞPA bu il Belarusa seçki müşahidə missiyası göndərməklə bağlı qərar verdi. Seçki müşahidə missiyasının üzv olmayan Belarusa göndərilməsini, lakin AŞPA-nın həqiqi tam üzv dövlətinə göndərilməməsini kim izah edə bilər?
Əgər bu, yalnız DTİHB-nin Belarusa SMM göndərməsi ilə bağlıdırsa, deməli bu, AŞPA-nın yeni standartıdır? Həmməruzəçilər haqlı olaraq hesab edib ki, AŞPA beynəlxalq ictimaiyyətdə öz vacibliyini vurğulamağa çalışdığı bir vaxtda DTİHB-nin bir hissəsi hesab edilmək istəmir…
Hətta bir nümunə vardır. Rusiya Federasiyasında 2 mart 2008-ci ildə keçirilmiş prezident seçkilərində AŞPA missiyası yeganə Qərb seçki müşahidə missiyası idi… (Nə DTİHB, nə ATƏT PA, nə də Avropa Parlamenti gəlmişdi). Keçmiş AŞPA SMM-nın rəhbəri İsveçrədən cənab Andreas Qross (SOC) idi və o, AŞPA müşahidə missiyasına müvəffəqiyyətlə rəhbərlik etmişdi.
Plenar İclas iyun ayında Monitorinq Komitəsinin sonuncu məruzəsi çərçivəsində digər müşahidə komandalarının Azərbaycana SMM göndərməsini ləğv edə bilməsinin mümkünlüyünü müzakirə edərək, səsə qoydu. Plenar İclas EC Qrupu üzvlərinin təklif etdiyi 4 saylı düzəlişi böyük əksəriyyətlə qəbul etdi. Düzəlişdə qeyd olunurdu ki, digər beynəlxalq təşkilatlar seçkilərə getmədiyi halda AŞPA öz missiyasının sayını artırmalıdır. Digər tərəfdən, Plenar İclas böyük əksəriyyətlə 10 saylı düzəlişi rədd etdi. Düzəlişdə qeyd olunurdu ki, bu halda xüsusilə DTİHB-yə istinad edərək SMM-in göndərilməsinə yenidən baxılsın.
Qəribədir ki, Sədarət Komitəsi Plenar İclasın son aydın qərarlarının əksinə gedərək və onların etibarsız hesab edilməsini təklif edərək, bu məsələnin bir daha Büronun gündəliyinə salınması ilə bağlı qərar verdi. Əlbəttə ki, AŞPA sədrinin və baş katibinin bu siyasi təcrübəsi heç də yaxşı deyil!
Həmsədrlər iddia edirdi ki, AŞPA seçki müşahidə missiyasının yekun hesabatı həm bu seçkilərin aparılması ilə bağlı siyasi debat, həm də bu üzv dövlətin parlamenti ilə institusion dialoqun aparılmasına əsas kimi mühüm vasitədir. Onlar vurğuladı ki, bu, asanlıqla AŞPA-ya qarşı istifadə oluna bilər, çünki onlar SMM-nın gəlməsi dəvətini qəbul etməkdən imtina etmişdi. Halbuki, AŞPA-nın SMM-nın gəlməsinə etiraz edən Azərbaycan deyildi. Sonda Büro həmsədrlərin arqumentlərini nəzərə aldı və seçki müşahidə missiyasını təsdiqlədi.
Saat 11-də Ann Brassör AŞPA-nın prezidenti kimi açılış nitqində bütün deyilənlərə baxmayaraq, bir daha Azərbaycana qarşı şiddətli hücuma keçdi, tənqid etdi və Büronun qərarı ilə razılaşmadı. Adi vaxtlarda sədr belə olduğu təqdirdə vəzifəsindən istefa verə bilər. Bəzi qaranlıq səbəblərdən onun fikri həqiqətən də ölkəmizə yönəlmişdir, lakin xoşbəxtlikdən mandatı başa çatdığından bu, onun son nitqi idi.
Günorta, aralıq məruzə ilə bağlı müzakirənin sonunda Büronun bu qərarına bir daha etiraz edən olmadı və rəsmi şəkildə Plenar İclas tərəfindən təsdiqləndi. Bu, indi yekun qərardır.
Bu, Azərbaycanın böyük nailiyyəti idi, çünki ümumi təcridetmə və ölkəmizə ziyan vurmağa çalışan xarici korporativ maraqların qarşısı alına bildi.
2) AŞPA-nın 2016-2017-ci illərdə yeni sədri üçün EPP Qrupunda seçkilər
Bu il iyunun 30-da aydın oldu ki, AŞPA-ya növbəti sədri vəzifəsində EPP Qrupuna seçilmək hüququ verilməsini nəzərə alaraq, o, AŞPA-da ən vacib siyasi qrupdur. Bu, siyasi qrupların liderləri arasında razılaşdırılmışdır.
EPP Qrupunun sədri cənab Aqramunt bu mandata aşkar namizəd idi. Lakin bir neçə həftə əvvəl o, gözlənilmədən AŞPA-nın sədrlərindən biri olmuş, fransalı cənab Minyonla qarşı-qarşıya gəldi. Cənab Minyon qələbə əzmi sərgiləyən böyük kampaniya təşkil etdi.
Lakin bazar ertəsi EPP Qrupunda keçirilən səsvermədən sonra nəticələr olduqca aydın idi və seçki 75-in 30-a olmaqla Cənab Aqramuntun parlaq qələbəsi ilə başa çatdı.
3) Sosialist Qrupunda yeni sədr seçkiləri
Sosialist Qrupunun neçə illər cənab Qross (İsveçrə) tərəfindən inhisara alınmasından sonra nəhayət ki, onun siyasi karyerası başa çatır və yeni liderin təyin edilməsinə ehtiyac vardır. Cənab Qrossun artıq AŞPA-nın rəhbərliyində olmaması Azərbyacan üçün böyük dəyişikliyə səbəb olacaqdır, çünki o, xanım Brassör kimi davamlı olaraq müzakirəni korlamaq və ölkənin nüfuzuna xələl gətirmək üçün hər yalan və böhtandan istifadə edərək, Azərbaycana qarşı çıxırdı. Nəhayət ki, sosialist qrupunun iclas otağında vəziyyət dəyişəcəkdir, çünki İtaliyadan cənab Nikoletti yeni sədr vəzifəsinə təyin edildi.
4) AŞ PA Baş Katibi seçkiləri
AŞ Baş Katibi seçkiləri çox gərgin keçdi. Baş katib postuna 2 namizəd irəli sürülmüşdü: Serbiyalı xanım Svetislava Bulaçiç və Voytsex Saviçki.
Rusiyaya qarşı təbliğatın nəticəsi olaraq, xanım Bulaçiç 140/108 səs hesabı ilə məğlub oldu. 5 il AŞPA baş katibi işləmiş və daim deputatlarla təmasda olmuş Saviçkinin bu nəticəsi çox zəifdir. Anti-Rusiya təbliğatçıları həqiqəti saxtalaşdıraraq (əslində xanım Miloşeviç hakimiyyətinə qarşı aktivistlərdən biri olmuşdur) xanım Bulaçiçi Rusiyanın adamı kimi təqdim edərək ona qarşı geniş təbliğat kampaniyası qurmuşdular.
Saviçki Ann Brassörün AŞPA prezidentliyinə seçkiləri zamanı xüsusi fəallıq göstərmişdi. Saviçkiyə mənəvi borcunu qaytaran xanım prezident Ann Brassör ALDE-nin keçmiş rəhbəri kimi bu qrup üzvlərinə seçkidən azca əvvəl onları Saviçkini də dəstəkləməyə çağırmışdı. Bu çağırış nəticəsində ALDE qrupu üzvlərinin səsləri Saviçkini məğlubiyyətdən xilas etdi.
5) AŞPA-nın iki komitəsində Dağlıq Qarabağla bağlı müzakirələr
Çərşənbə axşamı, saat 14:00-da məruzəçi cənab Volter Siyasi Məsələlər Komitəsində Dağlıq Qarabağ və digər ərazilərin Ermənistan tərəfindən işğalına dair məruzə ilə bağlı hesabat hazırladı. O, işğal edilmiş ərazilərə keçidin sistemli şəkildə Ermənistan tərəfindən rədd edilməsini vurğuladı və Komitədə kəskin narazılıqlar səsləndirdi. Ermənilər çox aqressiv tərzdə cavab verdilər və müzakirə zamanı otaqdakı deputatların rəğbətini itirdilər. Getdikcə daha və daha aydın olur ki, Ermənistan təkcə bu sahədə deyil, həmçinin siyasi institutlarda ifadə etdikləri dilləri onların həqiqi təcavüzkar olmasını göstərir.
“Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” (Sərsəng məruzəsi) adlı məruzəsi üzrə məruzəçi xanım Markoviç də eyni vəziyyətlə qarşılaşıb. Xanım Markoviçə də Sərsəng hövzəsinə keçməyə icazə verilməyib və o, Ermənistanın Avropa Şurasının əsas prinsiplərinə qarşı gedən rədd cavabına kəskin etiraz etdi.
Hər iki məruzəçinin Ermənistan tərəfindən faktiki qiymətləndirmələrin daxil edilmədən, noyabr ayında bu məsələni yenidən müzakirə edəcəyi gözlənilir. Məruzələr əlbəttə ki, Ermənistanın pis niyyətini vurğulayacaq və Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərdə nə baş verməsi ilə bağlı beynəlxalq ictimai fikirdə məlumatlılığı artıracaqdır.
Aydındır ki, onların məqsədi Azərbaycan ərazilərinin təcavüzkar və qanunsuz işğalını ört-basdır etməkdir, lakin etiraz etmələri birbaşa onların maraqlarının əksinə gedəcəkdir. Onların bu məsələ ilə bağlı Avropa Şurası ilə əməkdaşlıqdan imtina etməsi qəbul edilməyəcəkdir.
Bir daha təəssüf hissi ilə bildirirəm ki, digər beynəlxalq təşkilatlar güc mərkəzlərinin sifarişlərinə uyub onlara sadiq tərəfdaş olan Azərbaycanda seçkiləri müşahidə etməkdən yayınmaqla çox yanlış və uğursuz bir siyasi addım atdılar. Bu addım onların Azərbaycana qarşı məkrli məqsədlərinin mahiyyətini çılpaqlığı ilə göstərdi. Sonda AŞ-da böyük təzyiqlərə baxmayaraq, müşahidə missiyasının göndərilməsinə səs verən həmkarlarıma öz təşəkkürümü bildirirəm.
Strasburq,
1 oktyabr 2015-ci il
Deputat Elxan Süleymanov