Qorik Akopyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktorudur. 2004-cü ildən o bu vəzifəni tutur. Başqa bir yerə getməyi də düşünmür. Lakin pis olan bu deyil. Açığını desək, könüllü vəzifəsindən getməyə hazır olan məmur azdır.
İflasa uğramış bu generalın “layiq olduğu istirahət”ə göndərilməmə istəyi faciəvi haldır. Robert Koçaryan, Serj Sarkisyan dövründə vəzifədə olan Akopyan daha bir prezidentin hakimiyyətində qalmaq niyyətindədir. Hərçənd onun uğursuzluqları mütəmadi xarakter alıb.
Xatırladaq ki, Akopyanın günahına görə, Macarıstanın Ramil Səfərovu Azərbaycana verməsinin qarşısını ala bilmədik. Bu, şəxsən Serj Sarkisyan daxil olmaqla kollektiv səhv idi. Lakin Akopyan belə təhlükəni görməli və onun qarşısını almaq üçün hər şey etməli idi.
Digər tərəfdən, uzun müddət keçsə də, qarşılıq verilməsi üçün heç nə edilmədi. Akopyan vəzifədə olduğu müddətdə heç nə ilə öyünə bilməz. İndi isə utanmaq üçün daha bir sübut oldu.
Söhbət Azərbaycandan siyasi sığınacaq istəyən “Milli Azadlıq Hərəkatı”nın rəhbəri Vaan Martirosyandan gedir. Bu hadisədən sonra hakimiyyət çarçıları dərhal tələsərək məlumat verdilər ki, Martirosyanın psixoloji problemləri var və psixoloji dispanserdə qeydiyyatdadır. Bu, rüsvayçı bəhanədən başqa bir şey deyil.
Sovet dövründə də Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) “partiya və hökumətin xətti” ilə razılaşmayan hər kəsi dəli elan edirdi. Akopyan milyonlarla SSRİ vətəndaşının güllələnməsində günahkar olan DTK və Xalq Daxili İşlər Komissarlığının ənənələrini davam etdirir.
Xüsusi xidmət orqanları Martirosyanı bayağı oğurluqda ittiham edir. Guya o, tanışının evindən 4 min dollar oğurlayıb və sentyabrın 9-dan axtarışdadır. Maraqlıdır, görəsən daha nə eşidəcəyik? Güman edirəm ki, Martirosyanı narkoman elan edəcəklər. Axı, MTN özünə haqq qazandırmalıdır.
Üstəlik, Azərbaycan tərəfi tamamilə başqa mənzərəni təsvir edir. Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, Martirosyanın Bakıya gəlməsinin təşkili üzrə əməliyyat 10 gün davam edib: “Detallara toxunmadan deyə bilərəm ki, Milli Məclisin deputatı Azay Quliyev bu istiqamətdə böyük iş görüb”.
Onun sözlərinə görə, deputat Martirosyana Bakıya keçməkdə kömək edən Azərbaycanın müvafiq strukturları ilə əlaqəyə girib. O, həmçinin bu işdə “gürcüstanlı həmkarlar”ının rolunu xatırladıb. Belə bir mənzərə yaranır ki, gürcüstanlılar və azərbaycanlılar sakitcəsinə Martirosyanın Bakıya çatdırılması üzərində işlədiyi dövrdə, bizim Milli Təhlükəsizlik Xidməti buna fikir vermirdi.
Akopyanın rəhbərlik etdiyi nazirliyin hansı bəhanə uydurmasından asılı olmayaraq, fakt faktlığında qalır – xüsusi xidmət orqanları Ermənistan vətəndaşını sürüyüb apardı. Onun kimliyindən asılı olmayaraq, Akopyan tutduğu vəzifəsindən çıxarılmalıdır. Lakin problem ondadır ki, hakimiyyətimiz insanları peşəkarlıq dərəcəsinə görə deyil, özünə loyallıq dərəcəsinə görə qiymətləndirir. Məqsəd həmin loyal insanın onları lazımi vaxtda xalqdan qoruya bilməsindədir…