Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində əraziləri işğal olunmuş rayonların İcra hakimiyyətlərinin başçıları, həmin rayonlardan seçilmiş deputatların iştirakı ilə tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Müraciətdə deyilir: “Biz bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində əraziləri işğal olunmuş rayonların İcra hakimiyyətlərinin başçılarının, həmin rayonlardan seçilmiş deputatların iştirakı ilə keçirilmiş tədbirdə Avropa Parlamenti tərəfindən 2015-ci il sentyabrın 10-da qəbul edilmiş ədalətsiz, qərəzli qətnaməni geniş müzakirə etdik. Biz – tədbir iştirakçıları ölkəmizdə olan bir milyon iki yüz mindən çox qaçqın və məcburi köçkünün adından Avropa Parlamentinin qəbul etdiyi bu qətnaməni birmənalı olaraq qətiyyətlə pisləyir, bunu qısa bir müddətdə Sizin rəhbərliyinizlə əldə edilmiş uğurları gözü götürməyən, antiazərbaycan mövqeli, erməni diasporunun maliyyə dəstəyinə satılan bəzi deputatların məqsədli şəkildə təşkil etdikləri növbəti çirkin kampaniya kimi qiymətləndiririk. Biz ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlər və seçkilər ərəfəsində Avropa Parlamentinin belə qərəzli, qarayaxma cəhdlərinin çox şahidi olmuşuq. Avropanı düçar olduğu enerji təhlükəsindən xilas etmək yolunda Sizin, heç bir təhdiddən çəkinməyərək, qəti addımlar atdığınız bir zamanda onların nümayəndələrinin bu cür çirkin vasitələrə əl atması heç bir məntiqə və ölçüyə uyğun gəlmir.
Möhtərəm cənab Prezident, Siz müstəqil dövlətin rəhbəri olaraq müstəqil siyasət yürüdürsünüz, Azərbaycanı analoqu olmayan inkişaf yolu ilə irəli aparırsınız, ölkəmizi dünyanı çalxalayan maliyyə böhranından, çirkin siyasi çəkişmələrdən bacarıqla qoruyursunuz.
Biz qaçqınlar və məcburi köçkünlər Sizin bu ağıllı, düşünülmüş siyasətinizi hər zaman dəstəkləmişik və bundan sonra da atacağınız hər bir addımı fəal müdafiə edəcəyik”.
Qeyd olunur ki, bu cür hadisələr bir daha onu göstərir ki, biz daha fəal və ehtiyatlı olmalı, qabaqlayıcı tədbirlər görməli, dövlətimizin müdafiəsində vahid cəbhədə, Sizin ətrafınızda daha sıx birləşməliyik: “Azərbaycan xalqı kimi, biz qaçqınlar və məcburi köçkünlər də Avropa Parlamentindən Azərbaycana qarşı qəbul olunmuş bu ədalətsiz qətnaməni ləğv etməyi, qətnamənin lehinə səs vermiş deputatların təmsil olunduqları dövlətlərin rəhbərlərindən isə ölkələrini Avropa Parlamentində daha ədalətli nümayəndələrlə əvəz etməyi tələb edirik.
Qüdrətli və qüvvətli Azərbaycan naminə fəaliyyətinizdə Sizə uğurlar diləyirik”.