Təcrübədən görürük ki, yeni dərs ilinin başlanması ilə əlaqədar kiçik yaşlı uşaqların məktəbə müşaiyəti zamanı bir neçə nəqliyyat vasitəsindən istifadə edilir. Belə ki, bilik günü birinci sinfə gedən gedən uşaqlarla yanaşı məktəbə onları ata-ana, nənə-baba, dayı-xala, əmi-bibi və digər yaxın qohumları da gəlirlər. Elə bil ki, məktəbə yox “şadlıq evi”nə gedirlər, məktəb yolunu da “toy karvanı”na çevirirlər… Anlamaq lazımdır ki, bir azyaşlının arxasınca bu qədər sayda avtomobilin hərəkət etməsi həmin məktəbin ətrafında süni sıxlığın və tıxacların yaranmasına gətirib çıxarır. Bu da digər hərəkət iştirakçılarında narahatlığa və haqlı narazılığa səbəb olur. Artıq belə halların qarşısının alınması məqsədilə yol polisləri tərəfindən daha ciddi və güzəştsiz tədbirlər görüləcək.
Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Bölmə rəisinin sözlərinə görə, Bakı şəhər Baş Polis İdarəsi rəhbərliyinin təsdiq etdiyi tədbirlər planının tələbinə uyğun olaraq, şəhər ərazisindəki bütün təhsil müəssisələri nəzarətə götürülüb, gücləndirilmiş iş saatı ilə xidmət aparılacaq. Asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi istiqamətində bütün zəruri tədbirlər həyata keçiriləcək: “Xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərə bitişik küçə və yollar üzrə yol polisləri məqsədli olaraq tədbirlər həyata keçirəcək, yol nişanlarının tələblərini pozan sürücülər dərhal cəzalandırılacaqlar. Xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə dayanma, durma və parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında dayanan avtomobil sürücülərinə qarşı çox ciddi tədbirlər görüləcək. Yəni piyada səkilərində, yolların hərəkət hissəsində, ikinci və üçüncü cərgədə, yolların kəsişmə hissəsinə yaxın məsafələrdə park edilən nəqliyyat vasitəsinin sürücüsünə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək. Unutmasınlar ki, belə avtomobillər evakuator vasitəsilə müvəqqəti mühafizə olunan dayanacaqlara daşınır və onların barəsində avtopatrul avtomobillərindəki bort-kompüterlər vasitəsilə elektron protokollar tərtib edilir. Yol patrulu avtomobilinin hərəkətdə olub-olmamasından asılı olmayaraq, avtomobildəki texniki vasitələrin köməyilə ətrafda hərəkətlə bağlı törədilən bütün qayda pozuntuları qeydə alınır və dərhal elektron protokol tərtib edilir. Sürücülər unutmasın ki, törətdikləri hər bir xətaya görə məsuliyyətə cəlb olunacaqlar”.
V.Əsədov bildirib ki, sürücülər avtomobillərini məktəblərin ətrafında bir dəqiqəlik də olsa saxlamamalıdırlar: “Çünki bir avtomobilin yolun ortasında saxlanması arxadan eyni istiqamətdə gələn orta hesabla 60 avtomobilin ləngiməsi, nəticədə süni sıxlığın və tıxacın yaranması deməkdir. Məktəblərin ətrafında saxlanmış nəqliyyat vasitəsi yolun daralması ilə yanaşı piyadalara, valideynlərə və şagirdlərə həmin təhsil müəssisəsi istiqamətində hərəkət etmələrinə çətinlik yaradır. Ona görə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahibləri və sürücülərinə təhsil müsəssisələri istiqamətində şəxsi avtomobilləri ilə hərəkət edərkən qoyulmuş yol nişanlarının tələbinin yerinə yetirilməsini tövsiyə edir”.
Qeyd edək ki, DİN rəhbərliyinin göstərişinə əsasən, 2015-ci il sentyabr ayının 10-dan oktyabrın 10-dək respublika ərazisində, o cümlədən paytaxt Bakıda “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.