“Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Biz buna biganə qala bilmərik. Qətnamədə bizə qarşı heç bir əsası olmayan sənəd qəbul edib”.
Trend xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Avropa Parlamentinin Azərbaycanla bağı qəbul etdiyi tənqidi xarakterli son qətnaməsi ilə bağlı keçirilən tədbirdə deyib.
Ə.Həsənov qeyd edib ki, 751 deputatlıq parlamentdə Azərbaycana qarşı qəbul edilən sənədin səsverməsində 600-dən çox deputat iştirak edib.
Onun fikrincə, Azərbaycana qarşı qətnamə qəbul etmək Avropa Parlamentinin səlahiyyətlərinə daxil deyil: “Avropa Parlamentinin əsasən 3 səlahiyyəti var – Avropa İttifaqına dair qanunlar qəbul etmək, qanunların icrasına nəzarət etmək və Avropa İttifaqının büdcəsinin icrasına nəzarət etmək. Avropa Parlamentinin Azərbaycanla bağlı belə qətnamə qəbul etməsi onun səlahiyyətlərinə daxil deyil. Avropanın Azərbaycana qarşı qısqanclığının artdığını bilirdik. Azərbaycanın Avropa Oyunlarını uğurla keçirməsindən sonra belə hərəkətlərin artmasını görürdük. Bu, qısqanclığın, paxıllığın və erməni diasporunun və maliyyəsinin təsirinin nəticəsidir”.
Baş nazirin müavini deyib ki, Ermənistan Azərbaycanın əldə etdiyi uğurlardan, ordumuzun son təlimlərindən qorxuya düşüb: “Azərbaycanın 20 faiz torpağı işğal edilib, bir milyondan çox insan qaçqın və məcburi köçkün düşüb. Ay korrupsiyaya uğramış Avropa Parlamenti, bəs buna niyə münasibət bildirmirsən?! Haradasan ay erməniyə, onun puluna satılmış Avropa Parlamenti?!”
Ə.Həsənovun sözlərinə görə, baxmayaraq ki, Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib, onlarla işləmək lazımdır: “Mən onları Azərbaycana dəvət edirəm. Qoy gəlib hər şeyi öz gözləri ilə görsünlər”.
O bildirib ki, Azərbaycan Avropanı enerji resursları ilə təmin etdiyi məqamda belə bir sənədin qəbulu qeyri-insani münasibətdir. Ona görə də Avropa Parlamenti öz qətnaməsini ləğv etməlidir.
Qeyd edək ki, tədbirdə Ermənistanın işğalı altında olan rayonların İcra hakimiyyətinin başçıları və həmin bölgələrdən seçilmiş millət vəkilləri iştirak ediblər.