“Biz Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. Təkcə son iki ildə Avropa Parlamentində Azərbaycan haqqında bir neçə qətnamə qəbul edilib. Amma bu dəfə Avropa Parlamenti bütün çərçivələri keçib”. Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında deyib.
O.Əsədov bildirib ki, bütün beynəlxalq davranış prinsipləri, adi ədəb və nəzakət qaydaları pozulub, tərbiyəsizcəsinə Azərbaycanın siyasi hakimiyyətinə şər və böhtan atılıb: “Hər dəfə Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul edəndə biz çalışmışıq ki, tarazlı münasibət bildirək və bütün məsələlərin çoxunu açıqlamayaq, ancaq görürük ki, məsələ başqa bir rakurs alır. Mən Avropa Parlamentinin həmin iclasını bir neçə həmkarımla canlı müşahidə etdim və bu canlı müşahidəmiz bir daha göstərdi ki, Avropa Parlamentinin bir çox deputatları Azərbaycana qarşı nə qədər qərəzli mövqe tuturlar”.
Sədr Avropa Parlamentində prosedur qaydaların kobud şəkildə pozulduğunu qeyd edib: “Çox maraqlıdır ki, bu iclasın gedişində Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri söz alaraq qətiyyətlə dedi ki, iclasda prosedur qaydaları pozmaq olmaz. İlk növbədə, bu məsələlər komitələrdə müzakirə edilməlidir, ondan sonra iclas keçirilə bilər. Biz bu cür hərəkət etməsək, Azərbaycanı itirə bilərik. Ancaq iki deputat – Corc Sebastyan və Fransua Slifinsi çıxış edərək iclasın gedişinin dəyişməsinə etiraz etdilər. Dedilər ki, bu məsələ bu gün burada müzakirə olunmalıdır və təsdiq edilməlidir. Biz sonra araşdıraraq gördük ki, bu iki deputat sentyabrın 1-də Dağlıq Qarabağda olub və Bako Saakyanla görüşüblər. Yəqin ondan aldıqları təlimatı yerinə yetirir, eləcə də bəxşişlərin əvəzini vermək üçün belə canfəşanlıq edirlər. Elə bu məqamın özü korrupsiyanın Avropa Parlamentində necə işlədiyinə bir misalıdır. Ona görə mən Avropa Parlamentinin sədri Martin Şultsu korrupsiyaya bulaşmış lobbiçi qruplarla işbirliyinə son qoymağa çağırıram”.
O.Əsədov bildirib ki, Avropa Parlamentinin iclasında aparılan müzakirələr açıq-aşkar saxta məlumatlara əsaslanıb: “İndiki dövrdə Avropada tüğyan edən ksenofobiya, islamofobiya və ayrı-seçkiliyin Avropa Parlamentində dərin kök salması göstərir ki, bu məsələnin arxasında başqa məqsədlər var. Avropa Parlamentinin qətnaməsinə nəzər saldıqda onun nə qədər qərəzli yanaşma olduğunu əsaslandırmaq olar. Konkret cinayət əməllərinin siyasiləşdirilməsi, jurnalist Rasim Əliyevin məişət zəminində öldürülməsinin siyasi qətl kimi qələmə verilməsi və digər faktlar sənədin saxta və qondarma ittihamlar üzərində qurulduğunu sübut edir”.
O.Əsədov deyib ki, Avropa Parlamentinin iclasında səsvermənin nəticələri maraqlı bir məqamı da üzə çıxarır: “Qətnamənin əleyhinə 202 səs verildi və 72 deputat bitərəf qaldılar. Bu onu göstərir ki, Avropa Parlamentində Azərbaycanla əməkdaşlığın əhəmiyyətini başa düşən konstruktiv qüvvələr də var, amma korrupsiyaya bulaşmış lobbiçi qrupların fəaliyyəti və təsiri bu qüvvələrin səsini eşitməzliyə vurur”.
Milli Məclisin sədri bildirib ki, əslində bu sənəd Avropa Parlamentinin imicinə böyük zərbə oldu: “Biz həmişə görmüşük ki, Azərbaycan ictimai-siyasi əhəmiyyətə malik hadisələr ərəfəsində olduğu dövrlərdə ölkəmizə hücumlar başlayır. “Eurovision” mahnı müsabiqəsi, prezident seçkiləri vaxtı, Avropa Oyunları vaxtı biz bunların hamısının şahidi olmuşuq. Avropa Parlamentinin budəfəki qətnaməsinin də vaxtı təsadüfən seçilməyib. Qarşıdan parlament seçkiləri gəlir və Azərbaycan dövləti seçkilərin demokratik və şəffaf keçirilməsi ilə bağlı bütün beynəlxalq təşkilatlara müşahidəçi göndərmək üçün müraciət edib. Belə bir vaxtda Avropa Parlamenti üzdəniraq qətnamə qəbul edir və parlament seçkilərinə müşahidə missiyasının göndərilməməsi barədə müvafiq qurumlara, üzv ölkələrə çağırışlar edirlər. Bu, beynəlxalq normaların, qəbul olunmuş praktikanın kobudcasına pozulması deməkdir. Seçkilər başlamamış onun legitimliyini şübhə altına alanlar bilməlidirlər ki, seçkilərin legitmliyini yalnız Azərbaycan xalqı özü həll edir”.
O.Əsədov hesab edir ki, Avropa Parlamentinin qətnaməsinin əsas hədəflərindən biri Azərbaycanı Avropadan təcrid etmək, onun nüfuzuna xələr gətirmək və bu yolla Dağlıq Qarabağ problemində Azərbaycanın mövqeyini zəiflətməkdir.
Milli Məclisin spikeri Azərbaycanın Avropa ilə əməkdaşlıqda keçdiyi yoldan, “Avronest” səviyyəsində əməkdaşlıqdan danışıb: “Biz Avronestdə bir dənə də olsun Dağlıq Qarabağa aid sənədi imzalatdırıb məsələlərin içərisinə sala bilmədik. Bu təşkilatda iştirakımız bizə nə verir? Biz bu təşkilatda iştirakımızla bağlı qəti qərara gəlməliyik. Hesab edirəm ki, biz Nazirlər Kabinetinə müraciət etməliyik ki, “Şərq Tərəfdaşlığı” proqramına yenidən nəzər salısın”.
O.Əsədov əlavə edib ki, Avropa Parlamentinin sədri Martin Şults Avropa Oyunları ərəfəsində deputatlara qeyri-rəsmi qadağa qoymuşdu ki, heç kim nə rəsmi, nə də qeyri-rəsmi Azərbaycana səfər etməsin: “Deputatlar bizə zəng edib deyirdilər ki, bağışlayın, Şults bizi Azərbaycana gəlməyə buraxmır”.