“Bu çirkin ssenarilər ki, bu gün Yaxın Şərqdə baş verir, Azərbaycan üçün də hazırlanmışdır. 2011-ci ildə, ondan sonra 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda “ərəb baharı”nın yaranmasından söhbət açırdılar və deyirdilər ki, bu qaçılmazdır”. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışında deyib.
Prezident bildirib ki, burada vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışdılar: “Bizim hüquq-mühafizə orqanları bütün bu işlərin üstünü açıb. Azərbaycanda “Maydan hərəkatı”nı yaratmaq istəyirdilər, gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. On milyonlarla dollar vəsait aşkarlanıb ki, qanunsuz yollarla, yerli “5-ci kolon”un vasitəsilə, qeyri-hökumət təşkilatları adı ilə Azərbaycana gətirilsin, vəziyyət gərginləşsin və burada bəzi xarici dairələrin xidmətində olan insanları da hakimiyyətə gətirsinlər. 2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha da ciddi formalar almışdır. Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri müşahidə olunurdu. Mən açıq deyirəm, başqa cür bunu qəbul etmirəm. Ancaq Azərbaycan xalqının, dövlətinin düşmənləri bu işlərdə iştirak edə bilərdi. Çünki bu gün Azərbaycan dünya miqyasında müasir, dünyəvi inkişafda olan, açıq, tolerant bir dövlətdir”.