Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib.
Azərbaycan ilə Dünya Gömrük Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini deyən Prezident İlham Əliyev ölkəmizdə gömrük sisteminin müasirləşdirilməsi məqsədilə bir çox praktiki addımların atıldığını bildirdi. Gömrük xidmətinin iqtisadiyyat və təhlükəsizlik baxımından önəmini qeyd edən dövlətimizin başçısı Azərbaycanda gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində də geniş islahatların həyata keçirildiyini vurğuladı. Ölkəmizin gömrük xidməti sahəsində təşkil olunan bir sıra tədbirlərə ev sahibliyi etdiyini deyən Prezident İlham Əliyev Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD “Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı” konfransının Bakıda keçirilməsinin əhəmiyyətinə toxundu.
Dünyada gömrük daşımalarının həcminin getdikcə artığını vurğulayan Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya bu sahədə peşəkarlığın mütəmadi olaraq artırılmasının çox vacib olduğunu bildirdi. Hazırda bir çox ölkələrdə beynəlxalq daşımaların idarə edilməsi məsələlərinin aktuallığının olduqca artdığını deyən Kunio Mikuriya təşkilatın Bakıda keçiriləcək 10-cu illik PICARD Araşdırmalar Konfransının bu işlərə öz töhfəsini verəcəyinə ümidvar olduğunu qeyd etdi, gömrük xidməti işinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, rəhbərlik etdiyi təşkilatın Bakıda Regional Təlim Mərkəzinin fəaliyyət göstərdiyini xatırladaraq Bakıda yeni Regional Kinoloji Təlim Mərkəzinin də açılacağını məmnunluqla qeyd etdi.
Görüşdə Azərbaycan ilə Dünya Gömrük Təşkilatı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.